1 dekabr 2010 18:12
Rauf Əliyev: Qarabağ “altılıq”dan kənarda qalsa, bu, faciə olacaq
Qarabağ`ın hücumçusu Rauf Əliyev azerisport.az-a müsahibəsində komandasının hazırkı vəziyyətindən, Neftçi`yə qarşı son oyundan danışmaqla yanaşı yenə də hakimlərdən şikayət edib.
- Qarabağ çətin günlər yaşayır. Komanda ilk “altılıq”dan kənarda qala bilər. Ağdamlıların düşərgəsində nə baş verir?
- Sadəcə bəxtimiz gətirmir. Neftçi`yə qarşı son oyunda biz yaxşı oynadıq. İki top fərqi ilə qalib gələ bilərdik. Ancaq bəzi amillər hər şeyi korladı. Mən hakimliyi nəzərdə tuturam...
- Rövşən Əhmədova iradlarınız var? Hər kəsin danışdığı iki penalti vəziyyətinin Qarabağ`a hər hansı aidiyyatı varmı?
- İlk epizodda mən yıxılmaq istəmirdim, axı zərbə mövqeyinə çıxırdım. Ancaq məni itələdilər və yıxılmağa məcbur etdilər. Digər epizodda isə Neftçi`nin oyunçusu əllə oynadı. Əlbəttə, mən hakimlərin işini şərh etmək istəmirəm, amma...
- ...amma buna baxmayaraq şərh edirsiniz...
- Bəs onların qərarları nəticəyə təsir edəcəksə, başqa nə etməyi buyurursunuz?
- Bəlkə özünüzdə də hər hansı izahat axtarmaq vaxtıdır?
- Bizim də səhvlərimiz olub. Gizlətmirəm ki, biz bir və ya iki qol vurmalı idik. Rəqibin müdafiəsini gərginlikdə saxlayırdıq və məğlubiyyət bizim üçün gözlənilməz oldu.
- Vəziyyətdən çıxmaq üçün Qarabağ nə etməlidir?
- Düşünmək və toplanmaq lazımdır. Belə olacağını gözləmirdik. Sanki mina sahəsindəyik. Yanlış səmtə addım və hər şey bitdi.
- Avrokuboklarda Qarabağ dəfələrlə yaxşı təsir bağışlayırdı.
- Yəqin onda bizə göz dəyib. Elə bilirdilər ki, çempionatda hamını bir ayağımızla udacağıq. Hamının diqqəti bizə yönəlmişdi. Ancaq əminəm ki, özümüzə gələcəyik. Hazırda heyətin yarısı zədəlidir.
- Belə çıxır ki, ilk “altılığ”a düşmək üçün əsas rəqibləriniz Bakı və Qəbələ`dir...
- Çox güman ki, biz iki yer uğrunda mübarizə aparacağıq. İlk növbədə qələbə qazanmalıyıq və bundan sonra rəqiblərimizin oyunu barədə düşünməliyik.
- Növbəti turda İnter`ə qarşı oynayacaqsınız.
- Maraqlı görüş olacaq. Onlar Muğan`a məğlub olublar. Ardıcıl ikinci məğlubiyyətlə razılaşmayacaqlar.
- Bəs əgər Qarabağ ilk “altılıq”dan kənarda qalsa..
- ...bu haqda düşünmək belə istəmirəm. Bu, faciə, fəlakət, dəhşət olardı. Biz buna yol vermərik. Azarkeşlərimiz buna layiq deyil.
