1 dekabr 2010 09:55
Klublarımızın stadion biabırçılığı
Son illər hər mövsüm öncəsi klub rəhbərləri, eləcə də AFFA və PFL rəsmiləri ölkəmizdə yeni stadionların salındığına, hazırkı arenalarda təmir-tikinti işləri aparıldığına, vəziyyətin yaxşılaşdığına dair o qədər şirin söhbətlər aparır ki, bir anlığa hər şeyin qaydasında olduğunu düşünürsən. Lakin reallığı görüncə, məlum olur ki, əslində həmin sözlərin boş vədlərdən başqa heç nə deyilmiş.
Elə Premyer Liqanın cari mövsümünün gedişi də stadion çatışmazlığı, olanların isə durumunun nə dərəcədə bərbad olmasına dair acı faktları üzə çıxarmaq baxımından kifayət edir. Artıq hər başa çatan turdan sonra ən azı 2-3 komandanın baş məşqçisi, futbolçuları, rəsmiləri oyunlarının keçirildiyi arenaları tənqid edirlər. Azerisport.az xəbər verir ki, elə iki həftə öncə Bakı`nın baş məşqçisi Vinfrid Şefer ölkənin baş arenası hesab olunan Tofiq Bəhramov adına Respublika stadionunun durumundan ciddi narazılığını dilə gətirmişdi. Onsuz da az qala hər oyunda mərkəzi arenanın ot örtüyünün durumundan narazılığını dilə gətirən təcrübəli mütəxəssis əlacsızlıqdan digər klubları da ən azı orda məşq etməməyə səsləmək məcburiyyətində qalmışdı.
Lakin acınacaqlı durum heç də yalnız mərkəzi arenayla bağlı deyil. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu da xeyli vaxt idi tam yararsız hala gəlmişdi və yaxşı ki, bu müddət ərzində mərkəzi arenaya “köçən” Qarabağ həmin stadionun qazonunu yeniləməyi özünə rəva gördü. Neftçi`nin də ən azı Bakıxanov qəsəbəsində oxşar stadionu olmasına rəğmən, paytaxt klubu nədənsə, buranın qazonunu daha ideal hala gətirib, ev oyunlarını orda keçirmək istəmir. Nəticədə Tofiq Bəhramov adına stadiona əlavə yük düşür.
Yuxarıdakı fikirlərə əsasən elə düşünməyin ki, hazırda bərbad vəziyyədə olan yalnız paytaxtdakı stadionlardı. Elə Premyer Liqanın son turunun oyunlarından sonra qazondan şikayət edən baş məşqçilərin siyahısına nəzər saldıqda, burada da vəziyyətin qətiyyən fərqli olmadığını görəcəksiz. Məsələn, AZAL klubunun baş məşqçisi Nazim Süleymanov Turan`la səfər görüşündən sonra Tovuz şəhər stadionunun vəziyyətinə belə qiymət verdi: “Meydançanın vəziyyəti oynamaq üçün əlverişli deyildi”. İnter`in baş məşqçisi Kaxaber Sxadadze isə Muğan`ın ev oyunlarını keçirdiyi Salyan şəhər Olimpiya İdman Kompleksinin stadionundan narazılığını bildirdi: “Belə meydanda oynamaq hər iki komandaya çətin idi”. Siyahını uzatmağa gərək varmı? Ümumi durum üçün elə bu da yetərlidi.
Nə yaxşı ki, paytaxtda “Şəfa”, Qəbələ və Zaqatalada isə Simurq`la Qəbələ`nin stadionları süni ot örtüyünə malikdir. Onlar da olmasaydı, indiki Azərbaycan futbolunun halını təsəvvür etmək belə olmur. İş o yerə çatıb ki, yalnız Xəzər Lənkəran`ın yararlandığı Lənkəran şəhər stadionunun da ot örtüyü ideal səviyyədə deyil və bircə gün yağış düşən kimi, nəinki bu, bütün arenalarımızda biabırçı vəziyyət yaranır. Yalnız süni örtüklü arenaları çıxmaq şərti ilə.
Hazırda vəziyyətin nə dərəcədə acınacaqlı olduğunu isbatlayan daha bir amil, Premyer Liqada çıxış edən klubların əvəzedici komandalarının oyunlarını keçirmək üçün gündə bir məkana üz tutmasıdır. Bu mənada qarşıdakı turu əsl biabırçılıq adlandırmaq olar. Məsələ burasındadır ki, əvəzedicilərin çempionatının 16-cı turunun dekabrın 3-nə təyin olunan 4 oyunundan 3-ü eyni gündə, eyni arenada – “Şəfa”da keçiriləcək. Düzdü, MOİK - Qəbələ görüşü digər iki oyundan 3 saat gec - 15:00-da başlayacaq. Qarabağ İnter`i, AZAL isə Neftçi`ni 12:00-da qəbul edəcək ki, bu görüşlərdən də biri əsas, digəri 4-cü meydançada oynanılacaq.
Lakin az qala bütün klublarımızın eyni, özü də süni örtüklü stadiona dadanması, çıxış yolunu məhz bunda görməsi əsl faciədir. Elita təmsilçiləri bu qədər legioneri alıb gətirincə, onlara xərclənilən pullarla özlərinə çoxdan baza, şərait, stadion tikə bilərdi. Lakin nədənsə, çox az klublarımız gələcəklə bağlı planlar qurmağa, problemlərinin həllinə kompleks şəkildə yanaşmağa çalışır. Əksər klublarımız isə yenə də köhnə dövrlərdə olduğu kimi, sadəcə bu günü üçün yaşayır. Bu isə nəinki həmin klublarımızın, həm də Azərbaycan futbolunun inkişafına mane olan əsas faktorlardandı. Nə qədər təəssüf doğursa da...
