1 dekabr 2010 10:40
Yuri Syomin Lokomotiv`dən qovuldu
Rusiyanın Lokomotiv (Moskva) klubunun baş məşqçisi Yuri Syomin istefaya göndərilib. Azerisport.az xəbər verir ki, 63 yaşlı mütəxəssis klubun direktorlar şurasının qərarı ilə işindən kənarlaşdırılıb.
Rəhbərlik Lokomotiv`in Syominin rəhbərliyi altında nəticələrini qeyri-məqbul hesab edir. Xatırladaq ki, Loko mövsümü beşinci sırada bitirib. UEFA Avropa Liqasının təsnifat mərhələsində isə İsveçrə ikinci divizion təmsilçisi Lozanna`ya məğlub olub. 2010-cu il mövsümünün son oyunu – Rubin`lə görüşün ertəsi günü klub məşqçi ilə 2013-cü ilə qədər bağlanmış müqaviləyə xitam verib.
Qeyd edək ki, Syomin Lokomotiv`i 1986-2005-ci illər (1991-ci ildə azacıq fasilə) aralığında da çalışdırıb. Həmçinin keçən ilin iyunundan istefaya qədər komandaya rəhbərlik edib. 1997-ci ildə klub prezidenti vəzifəsini daşıyıb. Onun rəhbərliyi altında dəmiryolçular iki dəfə Rusiya çempionluğunu (2002, 2004) qazanıb. Dörd dəfə gümüş, iki dəfə bürünc mükafata yiyələniblər. Dörd dəfə Rusiya kubokunun sahibi olublar.
Syominin mümkün xələfi kimi hazırda Spartak`ın (Nalçik) sükanı arxasında olan Yuri Krasnojan göstərilir. Qeyri-rəsmi mənbələrin məlumatına görə Syomin 2008-2009-cu illərdə uğurla çalışdırdığı Kiyev Dinamo`suna məşqçilik etməyə hazırlaşır.
