2 dekabr 2010 19:40
DÇ-2018 Rusiyaya, DÇ-2022 Qətərə verildi (YENİLƏNİB)
Bu gün İsveçrənin Sürix şəhərində 2018 və 2022-ci illərdə keçiriləcək dünya çempionatlarına ev sahibliyi edəcək ölkələrin adları müəyyənləşib. Azerisport.az xəbər verir ki,öncə 2018-ci il futbol üzə dünya çempionatını keçirməyə iddialı ölkələrin ərizə təqdimatı başlayıb.
Bakı vaxtı ilə 12:00-da ilk olaraq öz ərizəsinin üstünlüklərindən Niderland və Belçika təmsilçiləri söz açıb. Bir saat sonra isə FIFA İcraiyyə Komitəsinin üzvləri qarşısında İspaniya və Portuqaliyanın birgə təqdim etdiyi ərizə əsasında təşkilati komitə çıxış edib. Qarşıdakı saatlarda İngiltərə və Rusiya rəyasət heyətlərinin çıxışı baş tutacaq. FIFA İcraiyyə Komitəsinin üzvləri yekun qərarı Bakı vaxtı ilə təxminən saat 19:00-da qəbul edəcəklər.
Maraq üçün qeyd edək ki, 2018-ci ildəki mundialın Avropada keçiriləcəyi dəqiqdi. Çünki namizədlərin hamısı - Rusiya, İspaniya və Portuqaliya, Hollandiya və Belçika cütləri, eləcə də İngiltərə Avropa qitəsinin ölkələridir. 2022-ci ildəki finallara ev sahibliyi üçün isə müxtəlif qitələrin təmsilçiləri yarışırlar. Bunlar ABŞ, Qətər, Avstraliya, Koreya və Yaponiyadı.
***
Artıq bir neçə saatdan sonra FIFA 2018 və 2022-ci illərdə keçiriləcək futbol üzrə dünya çempionatlarının təşkilatçılarının adını açıqlayacaq. Hazırda Sürixdə dinləmə prosesi davam edir. Ərizələrin təqdimatı, rəyasət heyətlərinin cəhdləri ən yüksək həddə çatıb. 2018-ci ildə keçiriləcək çempionata sahiblik hüququ dramatik həddədir. Niderland və Belçika, Portuqaliya və İspaniya birgə, İngiltərə və Rusiya isə vahid ərizələrini artıq təqdim ediblər.
Bu arada Rusiyanın ərizəsinə baxış öncəsi Rusiya İdman və Turizm naziri Vitaliy Mutko cəsarətli fikirlər səsləndirib: "Əgər FIFA dünyada futbolun tərəqqisi siyasətini həyata keçirməklə öz fəlsəfəsinə sadiq qalmaq istəyirsə, dünya çempionatının təşkilati hüququnu Rusiya verməlidir" - deyə nazir bildirib. Qeyd edək ki, nazirin FIFA-nın əsas prinsipinə istinadı şimal qonşumuzun üstünlüyü kimi qiymətləndirilir. Bir neçə gün öncə Rusiya baş naziri Vladimir Putinin Zepp Blatterlə danışıqlardan sonra Sürixdə iştirak etməyəcəyi məlum idisə də, son ana qədər hamı vəziyyətin dəyişəcəyinə ümid edirdi. Putin fikrini belə açıqlayıb: "Yozef Blatterlə görüşdə Sürixdə iştirak etmək istəyimi və ərizəni şəxsən təqdim etmək arzumu bildirsəm də, xarici həmkarlarımın bir növ "təzyiq"indən ehtiyat edirəm. Xarici həmkarlarımı da hər hansı təzyiqdən çəkinməyə dəvət edirəm. Qoy hər şey FIFA-nı nəzarətində, sərbəst şəkildə həyata keçsin”.
Xatırladaq ki, Sürixdə Rusiya rəyasət heyətinə baş nazirin müavini İqor Şuvalov rəhbərlik edir.
Niderland və Belçika rəyasət heyətinin tərkibinə bu ölkələrin baş nazirləri Mark Ryutt və İv Leterm, məşhur futbol simaları - Yohan Kroyf, Ruud Qullit, Qus Hiddink daxildir. İspaniya və Portuqaliyanın mövqeyini baş nazirlər Xose Luis Rodriqes Sapatero, Joze Sokrateş və məşhur qapıçı İker Kasilyas müdafiə edəcək. İngilislər də heç kimdən geri qalmır. Britaniya vəlihədi şahzadə Uilyams və futbol ulduzu Devid Bekhem ada təmsilçilərinin məşhur üzvləridir.
***
FIFA təhqiqat komissiyasının yekun məruzəsi məlum olub. Texniki baxımdan İspaniya və Portuqaliyanın namizədliyi ən yaxşı variant hesab olunur. Cənubi avropalılar rəqiblərini stadionların sayı, biletlərin satış sisteminin təşkili üzrə qabaqlamaqla yanaşı, nəqliyyat sisteminin mükəmməlliyi baxımından da üstələyirlər. Həmçinin, müştərək ərizədə FIFA tərəfindən çempionatın təşkilinə ayrılacaq maddi yatırım qurum üçün çox sərfəlidir. İclasda Cənubi Amerika Futbol Konfederasiyasının (CONMEBOL) da pirineyliləri dəstəkləyəcəyi məlum olub.
***
Sürixdə Rusiya rəyasət heyətinə rəhbərlik edən Mutko hələ ərizələrin təqdimat və dinləmə öncəsi bildirmişdi ki, ölkəsi neqativ amillərə baxmayaraq inamını itirmir. Xatırladaq ki, Rusiyanın mənfi amili nəqliyyat sistemindəki çatışmazlıqlar və infrastruktur bazasının aşağı səviyyədə olmasıdır. Nazir iclasın gedişində bir fikri də qətiyyətlə səsləndirib: "Unutmayaq ki, çempionatın keçirilməsindən sonra Rusiya çoxsaylı maddi-texniki vəsaitə, infrastruktur bazasına, tərəqqi etmiş nəqliyyat sistemi və iaşə obyektlərinə, otellərə, 12 şəhərin kompleks şəkildə modernləşməsinə nail ola bilər ki, bu da futbol və digər idman nölərinin inkişafı üçün mühim şərtlərdir. Digər tərəfdən çox az ölkələr, müvafiq turnirlərin keçirilməsində ciddi dövlət himayəsi ilə öyünə bilər".
***
Artıq DÇ-2018-ə ev sahibliyi etməyə namizəd ölkələrin çıxışları başa çatıb. Hazırda DÇ-2022-yə sahiblik üçün Avstraliya, Koreya Respublikası, Qətər, ABŞ və Yaponiya bir saatlıq çıxışlarla ərizlərini təqdim edirlər.
***
Artıq DÇ-2018-ə ev sahibliyi edəcək ölkə müəyyənləşib. Bu, şimal qonşumuz Rusiyadır. FİFA İK-nın üzvləri rusların buna layiq olduğuna əminliklərini ifadə ediblər. Bundan 4 il sonra baş tutacaq növbəti mundiala isə Qətərin ev sahibliyi edəcəyi dəqiqləşib.
