2 dekabr 2010 15:20
Neftçi XL-la bağlı daha bir bəyanat yaydı
Neftçi rəhbərliyi klubun rəsmi saytı vasitəsilə daha bir bəyanat yayıb. Azerisport.az xəbər verir ki, bəyanat, son günlər yayılan məktub qalmaqalı ilə bağlıdır və onlar bunadək bir dəfə də eyni tipli müraciətlə çıxış etmişdilər:
“Xəzər Lənkəran klubundan noyabrın 29-da Neftçi PFK-ya azarkeşlərlə bağlı etiraz məktubu göndərilməsi haqda son günlər əsassız fikirlər səsləndirilir. Neftçi PFK məktub məsələsinə yenidən qayıdaraq, bir daha bəyan edir ki, göstərilən tarixdə, yəni noyabrın 29-da və ya həmin tarixdən bəri klubumuza Xəzər Lənkəran tərəfindən istər faks, istər poçt, istərsə də elektron ünvan vasitəsilə heç bir məktub daxil olmayıb. Əvəzində, son vaxtlar AFFA, PFL, AZAL və digər yerlərdən Neftçi`yə məktublar göndərilib. Həm də nəzərə almaq lazımdır ki, "Xəzər-Lənkəran" tərəfinin guya Neftçi`yə yolladığı iddia olunan məktubu heç də həyati əhəmiyyət daşımır, başqa sözlə, belə məzmunlu məktubları mətbuatdan, futbol ictimaiyyətindən gizlətməyə lüzum yoxdur. Hesab edirik ki, bu məsələ ətrafında əsassız fikirlər səsləndirilməsinə və Neftçi PFK haqqında yanlış rəy formalaşdırılmasına son qoyulmalıdır”.
