2 dekabr 2010 19:21
Ruslar Mahirin Premyer Liqadakı çıxışına yekun qiymət verdilər
Rusiyada başa çatan mövsümün yekunları çıxarılır. Azerisport.az xəbər verir ki, bu mənada şimal qonşularımızın euro-football.ru portalı da ötən mövsümü məyusluqla bitirən ən yaxşı gənc futbolçulara, legionerlərə diqqət ayırıb.
Təbii ki, hər bir komandada ümidləri doğrultmayan, ondan gözləniləni verməyən oyunçular olur. Rusiyalı həmkarlarımız da məhz arzu-istəkləri futbol imkanları ilə uzlaşmayan ən "layiqli" futbolçuları fərqləndirməyə çalışıb. Bunlardan biri də yığmamızın sağ cinah müdafiəçisi, Mahaçqalanın Anji klubunda çıxış edən Mahir Şükürovdur. Onlar millimizin üzvünü bu nominasiyada fərqləndirmələrinə belə izah veriblər:
“Şükürovun Rusiyanın hər hansı klubuna keçidini iki ölkə yığmasının ötənilki oyunu zərurətə çevirdi. Buna qədər belə keçid, sadəcə nəzəri idi. Həmin oyunda Mahir özünü yaxşı göstərə bildi. Ona iddialı klubların siyahısı isə doğrudan da artmağa başladı. Dinamo da bu siyahıda ön mövqedə idi. Ancaq futbolçu Anji`yə keçdi və geridə qalan mövsümü çətin ki, uğurlu hesab etmək olar. Bəli, müdafiəçi 20 oyun keçirib, 3 qol ötürməsi ilə yadda qalıb. Buna baxmayaraq mövsümün sonlarında ehtiyat oyunçular skamyasına düşdü və oradan əsas heyətə nə vaxt qayıdacağı sual altındadır. Baş məşqçi Hacı Hacıyev bu halı Şükürovun sabit oyun göstərən futbolçu olmaması ilə izah edirsə, oyunçu özü məşqçininn etibarsızlığını öz ünsiyyəti və Azərbaycan jurnalistləri ilə bağlayır. Hər şey Şükürovun komandanı dəyişməsinə doğru gedir. Ancaq indi nədənsə ona iddialı klublar, təkliflər müşahidə olunmur”.
