2 dekabr 2010 00:48
UEFA Rumıniya klubuna sərt cəzalar yağdırdı
UEFA Nizam-İntizam komitəsi Çempionlar Liqasının Basel və ÇFR klubları arasında noyabrın 23-də qrup mərhələsi çərçivəsində keçirilən oyununda baş verənlərlə bağlı qərarını açıqlayıb. Azerisport.az xəbər verir ki, ÇFR-in sabiq baş məşqçisi Sorin Kırtsu bir avrokubok oyununda iştirakdan məhrum edilib.
Rumıniyalı mütəxəssis bu cəzanı UEFA bayrağı altında keçiriləcək növbəti qarşılaşmasında çəkəcək. Kırtsu həmçinin yaraşmaz davranışa görə 10 min avro cərimələnib. ÇFR rəhbərliyinə isveçrəlilərə təzminat ödəmək üçün Basel ilə əlaqə saxlamaq lazımdır. Xatırladaq ki, oyunun gedişində Kırtsu ehtiyat oyunçular skamyasında şüşə arakəsməni sındırmışdı.
Bundan başqa 88-ci dəqiqədə kobud oyuna görə meydandan qovulan ÇFR-in müdafiəçisi Feliçe Pikkolo üç avrokubok oyununda iştirakdan məhrum edilib. Həmçinin, müdafiəçi Çempionlar Liqasının qrup mərhələsinin dekabrın 8-də keçiriləcək son turunda Roma ilə oyunu buraxmalı olacaq.
