3 dekabr 2010 13:00
Qarabağ`ın zədəliləri İnter`lə oyunda forma geyməyə hazırdı
Qarabağ Premyer Liqanın növbəti turunda qarşılaşacağı İnter`lə oyuna hazırdır. Azerisport.az xəbər verir ki, ötən mövsümün çempionunu qəbul edəcək komanda artıq hazırlıqlarını tamamlayaraq oyun saatını gözləməyə başlayıb.
Ağdam klubunda zədəlilərlə bağlı vəziyyət düzəlmək üzrədir. Samir Abasov və Ayxan Abbasovdan başqa hamı oynamağa hazırdır. Üstəlik, bu il meydana çıxmayacaq Əfran İsmayılov da komandayla birlikdə çalışır. Uzun müddətdir yaşıl meydanlardan kənar düşən Maksim Medvedev və Andrey Rubinsin baş məşqçi Qurban Qurbanovun şans verəcəyi təqdirdə oynaması üçün heç bir problem yoxdur.
Qeyd edək ki, Qarabağ - İnter oyunu dekabrın 4-ündə Suraxanıdakı Tofiq İsmayılov adına qəsəbə stadionunda, saat 14:00-da baş tutacaq. Bu, ağdamlıların avqustun 22-sindən sonra adı çəkilən məkanda ilk oyunu olacaq. MOİK-lə çempionatın 2-ci turunun oyununda komanda Suraxanıda qonaq qismində çıxış etmişdi. Qarabağ sonuncu dəfə ötən mövsümün ilk mərhələsində Muğan`ı 2:1 məğlub etdiyi oyunda T.İsmayılov adına stadiondan ev sahibi kimi istifadə etmişdi.
