3 dekabr 2010 14:07
Zohair Benuahi: AZAL – qara qutudur, içində nə olduğunu heç kim bilmir
AZAL-ın yarımmüdafiəçisi Zohair Benuahi azerisport.az-a müsahibə verib. Qarşıdakı Neftçi ilə oyun barədə fikirlərini bildirən mərakeşlu futbolçu, komandasının çıxışı və çempionatımız barədə də bunları vurğulayıb:
“AZAL-da məni yaxşı qəbul ediblər və çalışıram ki, mümkün qədər əlimdən gələn hər şeyi edim. Komandamın qələbə qazanması mənim üçün hər şeydən vacibdir. Açığı turnir cədvəlindəki mövqeyimizə o qədər də baxmıram. Başlıcası hər oyunda qələbə qazanmaqdır. Baş məşqçi Nazim Süleymanov istəyir ki, biz hər matçda maksimum, ən yaxşı oyunumuzu sərgiləyək. Biz hər dəfə sadəcə öz futbolumuzu oynamağa çalışırıq və buna görə də bir çox rəqiblərimiz üçün çətin olur. Ancaq təbii ki, bu həmişə belə alınmır”.
Benuahi Azərbaycan çempionatının səviyyəsindən də danışıb: “Premyer Liqanın səviyyəsindən razıyam. Rəqabət çox böyükdür. Hərdən autsayderlər də diş göstərirlər. Ancaq bəzi klublar var ki çempionatın ab-havasını məhz onlar müəyyənləşdirirlər. Məsələn, Neftçi, Xəzər Lənkəran, İnter. Onlarla mübarizə aparmaq daha çətindi”.
“Neftçi hazırda yüksəlişdədir. İstəyirlər ki, bu ili qələbələrlə, birinci pillədə bitirsinlər. Yəqin ki, izləyicilərindən mümkün qədər xal fərqinin olmasını da arzulayırlar. Çox çətin qarşılaşma olacaq. Amma biz sona kimi döyüşəcəyik. Neftçi rəqibin səhvlərindən çox məharətlə yararlanır. Həm də Bahodir Nasimov demək olar ki, hər oyunda fərqlənir. Ancaq bizdə də müdafiəçilər var ki, onu dayandıra bilərlər. Düşünürəm ki, bizim üçün çətin bir oyun olacaq. Eyni zamanda da onlar üçün bizimlə mübarizə aparmaq çətin olacaq. Bizim komanda qara qutudur. Heç vaxt bilinmir ki, içində nə var”.
