3 dekabr 2010 16:48
Telekanallarımızın düzələn günü olacaqmı?
Azərbaycan telekanallarının idman verilişləri, xüsusilə də canlı futbol yayımları ilə bağlı çoxlu danışılıb və böyük ehtimalla bu gedişlə hələ çox danışılacaq. Axı bu sahədə danışılası o qədər şey var ki, saymaqla qurtarmaq olmur. O dərəcədə ki, tənqid olunmayası hansısa bir mövzu tapmaq olmur.
Öncə kadr siyasətindəki uğursuzluqlardan danışmaq yerinə düşərdi. Azerisport.az xəbər verir ki, bir neçə il qabaq xüsusilə də dövlət televiziyası sayılan Az.TV-də yaşlı kadrları gülə-gülə təqaüdə göndərdilər. Yenə onların yerində Altay Əliyev, Elnur Əşrəfoğlu kimi məhz həmin yaşlıların yanında görüb-götürmüşlər var idi deyə, bu dəyişiklər ciddi diqqət çəkmirdi. Lakin heç üstündən çox keçməmişdi ki, qısa bir zaman içində onların da “təqaüdə göndərilməsinin” şahidi olduq. Elə digər kanallarda da məhz onların nəslindən olan bəzi aparıcılar var idi ki, müəyyən mənada tamaşaçıların zövqünü oxşamağa çalışırdılar. Pis, yaxşı...
İndi isə az qala həmin telejurnalistlərin heç biri televiziyalarda çalışmır. Onların yerinə gələn gənc nəsildən isə, gördükləri işin keyfiyyət(sizliy)indən isə... adam heç danışmaq istəmir. Bunu da təbii qarşılamaq lazımdır. Axı onlar da kimlərdənsə görüb-götürməli, öyrənməli idilər. Birdən-birə televiziya jurnalisti olub, tamaşaçıların bütün ehtiyaclarını ödəyə bilmək, canlı reportajlar aparmaq sadəcə mümkünsüzdür.
Çox uzağa getməyib, adi misallarla bunu isbatlamağa çalışacağıq. Bizim hazırkı idman şərhçilərimizin apardığı futbol oyunlarını izləsəz, onların canlı yayımda kifayət qədər səhvlərə yol verdiyinin şahidi olarsız. Elə onların həmin səhvlərə görə, lazımı anda tamaşaçılarından üz istəməsinin də. Əgər onların yanında adicə jurnalist etikasını, tamaşaçısına hörmət qoymağı öyrədəcək kimsə yoxdusa, onda vay Azərbaycan televiziya jurnalistikasının gələcəyinin halına.
Hazırda televiziyalarımızda maddi-texniki cəhətdən də çatışmazlıqlar diqqət çəkir. Gələn gənc kadrlar savadsız, hazırlıqsız olduğundan yeni texnologiyaları mənimsəyə bilmir və ya mənimsəmək istəmir. Əgər adicə hansısa verilişin, idman proqramının ritmini tutacaq mahnı tapa bilmirsə, həmin verilişi hazırlayanlardan başqa nə gözləyəsən?
Misal: Elə bir neçə gün öncə bütün dünyanın maraqla izlədiyi El Klasiko – Barcelona – Real oyunu öncəsində “İdman Azərbaycan” kanalı bu tarixi derbiylə bağlı xüsusi veriliş hazırlamışdı. Amma həmin verilişə baxanlar yəqin ki, buna görə hələ də peşmanlıq hissi keçirirlər. Çünki həmin proqram boyu səsləndirilən musiqilər insanda hansısa əcnəbi ölkədə yas mərasiminin iştirakçısı olduğu təəssüratı yaradırdı.
Belə adi mətləblərdə düzgün seçim aparmayan hazırkı telekanallarımızın çempionatlar, verilişlərlə bağlı seçimindən danışmaq belə istəmirsən. Ölkənin yeganə idman kanalı bütün gün ərzində illər öncə baş tutmuş olimpiada, boks yarışlarını efirə gətirməkdən yorulmur. Bu boyda ölkədə azarkeşlər İtaliya, Fransa kimi böyük beşlik ölkələrinin çempionatına həsrətdi. Verilən İngiltərə, İspaniya, Almaniya birinciliklərinin oyunları da necə başa gəlirsə, bunu bir Allah, bir də həmin cənablar özləri bilir. Bizim, ekranda sıxılmış, kifayət qədər keyfiyyətsiz, baxanda ikrah hissi doğuran yayımlar izləməyimiz də məhz belələrinin “böyük şücaətlərinin” nəticəsidir. Amma heç olmasa həmin yayımları oğurladığınız kanalları da olduğu kimi saxlıyıb, bir qədər normal görüntü təqdim edin ki, tamaşaçıların əsəblərini tam korlamayasınız.
Deyiləcək çox şey var, cənablar! Yaxşısı budu, deyilən tənqidlərdən az-çox nəticə çıxarıb, iş görəsiniz. Axı nə vaxta qədər maddi vəsaitlərin, texniki imkanların bol olduğu bir teleməkanda çempionat oyunlarını bir-iki kamera vasitəsi ilə yayımlayacaqsınız? Nə vaxta kimi, digər ölkə çempionatlarına baxmağımıza peşman olacağıq? Nə vaxta kimi quru, bəsit şərhçiliyin şahidi olacağıq?
Vəziyyət həqiqətən acınacaqlıdı. Amma ən acınacaqlısı odu ki, bu vəziyyətin yaxın illərdə düzələcəyinə ümid yoxdu. Belə bir ehtimal olsaydı, yenə birtəhər ümidlə yaşayardıq...
