4 dekabr 2010 01:00
Elvin Məmmədov: İnter`lə oyunda 3 xala bizim daha çox ehtiyacımız var
Azərbaycan millisinin və Qarabağ`ın yarımmüdafiəçisi Elvin Məmmədov azerisport.az-a müsahibəsində komandasının hazırkı durumu, bu gün keçiriləcək İnter`lə oyun və Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun onunla bağlı üstüörtülü şəkildə dediyi fikirlərə münasibətin açıqlayıb.
- Heç də yaxşı günlərinizi yaşamadığınız bir dövrdə qarşıda son çempionla çətin oyununuz var. Necə hazırlaşa bilmisiz?
- Hər bir oyuna olduğu kimi, İnter`lə görüşə də yaxşı hazırlaşmışıq. İstəyirik ki, uğursuz seriyaya son qoyaq. Bildiyiniz kimi, son dövrlər heç də istədiyimiz nəticələri qazana bilmirik. Amma qarşıdakı oyunda mütləq qələbə qazanmalı və vəziyyətimizi yaxşılaşdırmalıyıq. Məncə, İnter üzərində qələbə qazana bilsək, bu, komandadakı özünəinamı da geri qaytarmış olar.
- Son illərdə İnter`lə qarşılaşmalarınız heç də asan alınmır. Komandadakı durumun yaxşı olmadığı bir vaxtda necə, bu, mümkün olacaqmı?
- Təbii ki, İnter son ölkə çempionudur. Bizim onlarla görüşlərimiz həmişə çətin alınır. Elə onların da bizimlə görüşlərdə eyni çətinliklər çəkdiyi dəqiqdi. Bu dəfəki oyun ərəfəsində də həm Qarabağ, həm İnter bəraət qazanmaq istəyir. Biz Neftçi`yə uduzduqsa, onlar da Muğan`a məğlub oldular. Bizim qədər onların da problemi var, bizim qədər onlar da qələbə qazanmaq arzusundadır. Amma İnter`lə müqayisədə 3 xala bizim daha çox ehtiyacımız var. Çünki “altılığ”a düşmək üçün mütləq onları məğlub etməliyik. Hər halda 90 dəqiqənin tamamı hər şeyi göstərmiş olacaq.
- Səncə, Qarabağ`ın hazırda əsas problemi nədədi?
- Mən deməzdim ki, bizdə hansısa ciddi problem var. Sadəcə bu, futboldu. Futbolda hər oyunda istədiyini edə bilmirsən. Bir oyunda alınır, o birində alınmır. Bəzən bəxt də üz döndərir. 90 dəqiqə hücum edirik, qol vəziyyətləri yaradırıq, amma istifadə edə bilmirik. Hazırda bizdə müəyyən yorğunluq da var. Həm də psixoloji təzyiq çoxdu. Kənar təsirlərlə yanaşı, bizim özümüzə də xoş deyil ki, belə məğlubiyyətlərlə üzləşirik. Ancaq biz belə münasibətə layiq deyilik. Hələ çempionat qabaqdadı və bizim hər şeyə şansımız var.
- Baş məşqçiniz Qurban Qurbanova yönələn tənqidləri, istefa tələblərinə sənin münasibətin necədi?
- Hamı bilir ki, Qarabağ hazırkı səviyyəyə məhz Qurban Qurbanovun rəhbərliyi altında, onun əlinin altındakı futbolçuların sayəsində gəlib çatıb. Son iki il ərzində qazanılan uğurlar yəqin ki, heç kimin yadından çıxmayıb. İndi 2-3 məğlubiyyət olan kimi həmin uğurlara kölgə salınması, unudulması, heç də ürəkaçan deyil. Belə uğursuzluq hər bir komandada ola bilər. Almaniyada Shalke kimi klub son pillələrdə gedir. Türkiyənin ən güclü klublarından olan Galatasaray görün haralardadı? Biz demirik ki, alqışlanmalıdı. Sadəcə bu dərəcədə təzyiq olmamalıdı. İnşallah, biz bu uğursuz zolaqdan çıxacağıq. Çünki əvvəllər də belə hallar olub və toparlanıb, sonda öz sözümüzü deməyi bacarmışıq.
- Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov üstüörtülü şəkildə sənin Neftçi ilə oyunda 2 qol epizodundan yararlana bilməməyinə toxunub və buna görə komandadan kənarlaşdırılmalı olduğunu bildirib. Buna münasibətini bilmək istərdik...
- Açığı bu haqda danışmaq istəmirəm. Birincisi o, orda konkret ad çəkməyib. Digər tərəfdən hər kəsin öz fikri ola bilər və mən hamının fikrinə hörmətlə yanaşıram. O oyun artıq keçmişdə qaldı. Mən çalışacam ki, öz sözümü meydanda deyim.
