4 dekabr 2010 02:12
Cari mövsümün uğursuzları və “xodgedənlər”i üz-üzə
Bu gün futbol üzrə Azərbaycan çempionatında 16-cı turun oyunlarına start veriləcək. Azerisport.az xəbər verir ki, əvvəlki turlardan fərqli, bu dəfə ilk oyun günündə 4 qarşılaşma baş tutacaq.
Elə turnir cədvəli baxımından böyük əhəmiyyət kəsb edən qarşılaşmaların demək olar ki, əksəri şənbəyə təsadüf edir. Məsələ burasındadır ki, liderlər qrupunda qərarlaşan Neftçi və AZAL-ın şəxsi dueli ilə yanaşı, Qarabağ – İnter görüşü, həmçinin Xəzər Lənkəranla Qəbələ`nin oyunları da məhz bu gün baş tutacaq.
Təbii ki, turun mərkəzi görüşü AZAL ilə Neftçi arasındadır. Cari mövsümün ən sürpriz nəticəsini reallaşdırmaqda olan “təyyarəçilər” dayanmaq bilmir. Bu iki paytaxt klubu arasındakı ilk dövrədə baş tutan qarşılaşmada hazırkı lider qələbə qazanmışdı. Lakin bu dəfəki görüşdə də eyni nəticənin təkrarlanacağını proqnozlaşdırmaq çətindir. Hər halda Nazim Süleymanovun komandası daha bir sürpriz nəticəyə imza atmaqla, lideri büdrədə bilər.
Qarabağ – İnter görüşünü isə daha çox cari mövsümün uğursuzlarının dueli kimi qələmə vermək olar. Son oyunlarda ardıcıl məğlubiyyətlərlə üzləşən və hazırda çox ciddi təzyiq altında olan Qurban Qurbanovun komandası artıq geridə qalan turlarda 4 yenilgiylə üzləşən, Muğan`a məğlubiyyəti unutdurmağa çalışan İnter`lə görüşdə qara zolaqdan çıxmaq ümidindədir. Lakin paytaxt təmsilçisiylə oyunları həmişə çətin alınan ağdamlıların buna nə dərəcədə nail olacağını zaman göstərəcək.
Əsas rəqiblərinin bir-biri ilə mübarizə aparacağı turda, onların xal itirməsinə ümid bəsləyən Xəzər Lənkəran ona çox vaxt ciddi problem yarada bilməyən Turan`la münasibətlərinə aydınlıq gətirəcək. Ötən tur AZAL-a uduzan Tovuz klubunun daha güclü Xəzər Lənkəran`a hansısa müqavimət göstərməsi inandırıcı görünmür.
Nəhayət, ilk oyun günündə daha bir qarşılaşma son dövrlər məğlubiyyət tanımayan Qəbələ ilə autsayder MOİK arasında baş tutacaq. Bu komandalar arasında ilk dövrədə keçirilən oyunda heç-heçə qeydə alınsa da, artıq öz oyununu tapan Toni Adamsın komandasının bu dəfə də xal itirməsi ehtimalı çox azdı.
Hesabat turuna sabah keçiriləcək 2 oyunla yekun vurulacaq. Artıq özünə gəlməyə başlayan Bakı autsayderə çevrilən Simurq`u qəbul edəcək. Baş məşqçi Qyoko Haciyevskinin yoxluğunda komandasının onun sabiq klubuna nə dərəcədə ciddi müqavimət göstərəcəyi maraqla gözlənilir. Amma hər halda Vinfrid Şeferin komandasının yüksəlişdə olması, zolaqlıların xal itkisindən xəbər vermir.
Gəncə və Muğan arasındakı qarşılaşma isə daha maraqla gözlənilir. Hər halda az qala eyni gücə malik komandaların duelində Gəncə təmsilçisi ya öz üstünlüyünü möhkəmləndirəcək, ya da əldən verməli olacaq. Son turda İnter üzərində qazanılan qələbə Salyan klubuna əlavə stimul ola bilər.
Premyer Liqa
16-cı tur
4 dekabr (şənbə)
MOİK - Qəbələ
Hakimlər: Əfqan Həmzəyev, Aleksandr Musatkin, Zeynal Zeynalov, Rauf Cabbarov.
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Əli Hüseynov.
Bakı. İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu. Saat 14:00.
AZAL - Neftçi
Hakimlər: Elçin Məmmədov, Azər Əsgərov, Roman Vasilyev, Hacıəli Ağayev.
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Səfər Haşımov.
Bakı. Şəfa stadionu. Saat 14:00.
Turan - Xəzər Lənkəran
Hakimlər: Fariz Yusifov, Ramiz Əsədov, Elşən Acalov, Teymur Fərhadov.
AFFA nümayəndəsi: Vaqif Məmmədov.
Hakim-inspektor: Kərim Ağayev.
Tovuz. Şəhər stadionu. Saat 14:00.
Qarabağ - İnter
Hakimlər: Vüsal Əliyev, Mübariz Haşımov, Munis Abdullayev, Elvin Əsgərov.
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Asif Namazov.
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu. Saat 14:00.
5 dekabr (bazar)
Gəncə - Muğan
Hakimlər: Rövşən Əhmədov, Yaşar Abbasov, Elşən Durmuşov, Elnur Muradov.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Asim Xudiyev.
Gəncə. Şəhər stadionu. Saat 14:00.
Bakı - Simurq
Hakimlər: Rəhim Həsənov, Azad Q. Hüseynov, İlham Əliyev, Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 16:00.
| 1 | Neftçhi | 15 | 10 | 4 | 1 | 30 | - | 7 | 34 |
| 2 | XL | 15 | 9 | 4 | 2 | 17 | - | 7 | 31 |
| 3 | AZAL | 15 | 9 | 4 | 2 | 22 | - | 8 | 31 |
| 4 | İnter | 15 | 8 | 3 | 4 | 13 | - | 10 | 27 |
| 5 | Qəbələ | 15 | 6 | 5 | 4 | 13 | - | 7 | 23 |
| 6 | Bakı | 15 | 6 | 4 | 5 | 22 | - | 17 | 22 |
| 7 | Qarabağ | 15 | 6 | 3 | 6 | 15 | - | 12 | 21 |
| 8 | Gəncə | 15 | 4 | 7 | 4 | 20 | - | 20 | 19 |
| 9 | Muğan | 15 | 3 | 5 | 7 | 7 | - | 16 | 14 |
| 10 | Turan | 15 | 2 | 5 | 8 | 12 | - | 23 | 11 |
| 11 | Simurq | 15 | 1 | 4 | 10 | 9 | - | 25 | 7 |
| 12 | MOİK | 15 | 1 | 2 | 12 | 5 | - | 33 | 5 |
