4 dekabr 2010 18:33
Georgiyevski üsyan etdi: Rəqib futbolçular sanki düşmənlə müharibəyə çıxır
Neftçi`nin makedoniyalı yarımmüdafiəçisi Slavko Georgiyevski Premyer Liqanın AZAL-la oyunundan sonra klubun rəsmi saytına fikirlərini açıqlayıb. Azerisport.az xəbər verir ki, legioner futbolçu onlara qarşı kobud oyundan şikayətlənib:
“Haqsız olaraq söyləyirlər ki, hakimlər Neftçi`yə kömək edir. Budurmu Neftçi`yə kömək etmək?! Bizə qarşı oynayan bütün komandaların futbolçuları sanki düşmənlə müharibəyə çıxır. Əgər bu, peşəkar idman prinsipləri əsasında olsa, normal qarşılanar. Amma hamı görür ki, Neftçi rəqib futbolçuların vəhşilikləri ilə rastlaşır”.
“Salyanda ən yaxşı oyunçularımızdan biri Flavinyonun ayağını qəsdən vurub, sındırdılar. Amma həmin futbolçu nə cəza gördü, nə də ki, bunu bizim əleyhimizə yazan mətbuat orqanları işıqlandırdılar. Flavinyodan sonra rəqib futbolçular bir neçə oyundur ki, Bahodiri güdürlər. Çünki onların əlindən heç bir şey gəlmir. Ancaq belə vəhşiliklərlə Neftçi`nin qarşısını almaq istəyirlər. Çox təəssüf ki, oyunlarımızı idarə edən hakimlər də bu cür vəhşiliklərə göz yumurlar. AZAL-la oyunda da çirkin əməllərə göz yumuldu, vəhşilik edən futbolçulara qarşı cəza tədbirləri görülmədi. Bütün bunlara baxmayaraq, Neftçi gözəl oyunu ilə azarkeşləri sevindirəcək və onlara çempionluq sevinci yaşadacaq” – deyə makedoniyalı futbolçu bildirib.
