6 dekabr 2010 15:16
Türkiyədən Azərbaycan futboluna böyük diqqət
Dekabrın 20-də İstanbul Ceylan Beynəlxalq Mərkəzində Türkiyənin ən böyük informasiya agentliklərindən olan "Spor Ajans"ın "İlin idman adamları" beynəlxalq mükafatlandırma mərasimi keçiriləcək.
Azerisport.az xəbər verir ki, tədbirdə Türkiyə Olimpiya Komitəsinin prezidenti Toqay Boyatlı, bu ölkənin futbol federasiyasının prezidenti Mahmud Özgənər, qardaş ölkənin tanınmış futbol mütəxəsissləri – Fatih Terim, Mustafa Dənizli, Ömer Üründür, Avropa futbol təşkilatı UEFA-nın vitse-prezidenti Şenes Erzik, Avropa Klublar Assosiasiyasının prezidenti Karl-Haynts Rummenige, İran Futbol Federasiyasının prezidenti Əli Kafaşian, Şimali Kipr Türk Cümhuriyyətinin Təhsil və İdman naziri Nazim Çavuşoğlu, tanınmış futbol adamları – almaniyalı Klaus Topmöller, rumıniyalı Mirça Luçesku, gürcüstanlı Timuri Ketsbaya iştirak edəcəklər.
"I Uluslararası Spor Ajans Spor Adamları Ödül Gecəsi"nə Türkiyə, Yunanıstan, Rumıniya, Almaniya, Gürcüstan və digər ölkələrin klub rəhbərləri, məşqçilər də qatılacaqlar. Azərbaycan Futbol Federasiyasının prezidenti Rövnəq Abdullayev və Neftçi Peşəkar Futbol Klubunun prezidenti Sadıq Sadıqov da beynəlxalq tədbirdə iştirak etmək üçün Türkiyəyə dəvət olunublar. Belə ki, "Spor Ajans" informasiya agentliyinin qərarına əsasən, Rövnəq Abdullayev "Şərəf mükafatı"na layiq görülüb.
"Spor Ajans" informasiya agentliyinin web saytında Azərbaycan Futbol Federasiyası prezidentinin vəzifəyə gəldiyi gündən bu yana ölkə futbolunun səviyyəsini yüksəltdiyi, xüsusilə Türkiyə-Azərbaycan qardaş ölkə siyasəti çərçivəsində səmərəli fəaliyyət göstərdiyi qeyd olunub. Neftçi PFK-nın prezidenti Sadıq Sadıqov isə "Avropada ilin klub prezidenti" mükafatına layiq görülüb. Məlumatda bildirilir ki, Neftçi klubunun rəhbəri yeni qurulan komandanın Avropada ən çox müzakirə olunan klublarından biri olmasında böyük pay sahibidir.
