6 dekabr 2010 16:01
“Hakimlər otağına oyunçularımı müdafiə etmək üçün girmişəm”
Neftçi`nin prezidenti Sadıq Sadıqov Azərbaycan çempionatının 16-cı turunda AZAL-a qarşı oyundan sonra (0:0) hakimlər otağında olmasının səbəbinə aydınlıq gətirib. Onun azerisport.az saytına müsahibəsindəki açıqlamalarını diqqətinizə çatdırırıq:
“Düzünü desəm, rəqibin mənim oyunçularımla necə davrandığını görəndə dözə bilmədim. Başa düşürəm ki, bu futboldu, sərt oyundur. Ancaq sərtlik və qəddarlıq arasında hədd hətta körpəyə belə aydındır” - deyə o, bildirib.
Neftçi rəhbəri Muğan`a qarşı oyunda zədə alaraq indiyə qədər meydana çıxa bilməyən və müalicəsini Braziliyada davam etdirən braziliyalı yarımmüdafiəçi Flavinyonun zədələndiyi epizodu yada salıb: “Flavinyonu onlar sındırdılar. İndi Nasimov və Mpenzanı sındırmaq istəyirlər. Mən belə anlara çox həyəcanla yanaşıram və ona görə də hakimlərə öz fikirlərimi bildirmək istədim. Əvvəlcə AZAL-ın baş məşqçisi Nazim Süleymanovu və klub prezidenti Vaqif Qasımovu təbrik etdim, yeri gəlmişkən, təbriklərim tam səmimi xarakter daşıyırdı. Sonra oyunun hakimi Elçin Məmmədovu gördüm və hakimlər otağına daxil oldum. Orada Məmmədovdan hakimlərin nəyə görə oyunu məqbul sərtlik çərçivəsindən çıxmasına imkan vermələrini və kobudluq edənlərin cəzalanmadığını soruşdum. Mən tərəfdən heç bir söyüş və təhqir olmayıb. Bilirəm ki, hakimlər otağına daxil olmaq olmaz, ancaq özümü saxlaya bilmədim. Əgər onlarla danışmasaydım bu, mütləq səhhətimdə əks olardı”.
“Siz Nasimovun ayağına baxardınız! O, məşqə də çıxmadı. Ancaq çox yaxşı fiziki formasına görə ayaq üstə durur. Niyə Mpenza mənə deməlidir ki, Azərbaycana ona görə gəlməyib ki, onu sındırsınlar? İndi başa düşürsünüz ki, nə üçün hakimə yanaşaraq bu kobudluğun kimə lazım olduğunu soruşmuşan?” - deyə Neftçi rəhbəri sual ünvanlayıb.
“Flavinyo gedəndə mən heç onunla xudahafizləşə bilmədim. Sadəcə bilmirdim ki, ona necə dəstək olum, Bakıya nə üçün necə gəldiyini izah edim. Məni uzun illərdir tanıyırsınız. Bütün uğurlarıma idmanda nail olmuşam, bütün uğurlarım idmanla bağlıdır. Öz idmançılarım üçün mən yalnız prezident və Olimpiya İdman Mərkəzinin rəhbəri deyil, həm də dostam. Onların sevincinə, kədərinə qoşuluram və görəndə ki, oyunçularımı bilərəkdən sındırıb şikəst edirlər, buna dözə bilmirəm. Gəlin açıq danışaq: mən bu legionerləri boşuna deyil, Neftçi və futbolumuzun inkişafı üçün gətirmişəm. Mpenza, Nasimov, Flavinyo, Mitreski və Georgiyevski ilə yanaşı bizim perspektivli gənclərimiz oynayır - Araz Abdullayev, Amit Quluzadə, Mirhüseyn Seyidov, Cavid Hüseynov, Cavid İmamverdiyev. AZAL ilə oyuna isə Arif Əsədov meydana bu siyahıdan dörd futbolçu çıxarmışdı”.
“Bütün bu hadisələrdən sonra başa düşmürəm ki, nə üçün bizi yenidən hakimliklə əlaqələrdə təqsirləndirirlər? Neftçi hamıdan çox qol vurur - məgər biz ancaq penaltidən fərqlənirik? Bu bəyənatları ancaq məni tanımayan kəslər verir. Neftçi İOK-un təmsilçiləri Olimpiyada, dünya və Avropa çempionatlarında çoxsaylı mükafatlar qazanıblar. Nədir, mən hər yerdə hakimləri satın almışam? Mənə və Neftçi`yə təmiz qələbələr, təmiz oyunlar lazımdır. Bizə hakimlik barədə gəzən bütün bu artıq söz-söhbət mane olur” - deyə Sadıqov vurğulayıb.
Sonda paytaxt klubunun rəhbəri bunları söyləyib: “Neftçi öz tarixi olan xalq komandasıdır. Biz Azərbaycan futbol tarixini təmsil edirik və əgər bu komandaya gəlmişəmsə, mən onun keçmiş şöhrətini qaytarmaq istəyirəm. Mənə ölkə çempionatında sadəcə qələbə lazım olsaydı, ancaq legionerləri toplayaraq qızıl medalları əldə edərdim. Bəs sonra? Avrokuboklara çıxmaq və ilk mərhələdəcə məğlub olmaq? Bu, bizə lazım deyil”.
