6 dekabr 2010 16:14
XL-nın fəxri prezidenti Türkiyədə liman aldı
Türkiyədə yaşayan və fəaliyyət göstərən Azərbaycanlı iş adamı, Xəzər Lənkəran futbol klubunun yaradıcısı, hazırkı fəxri prezidenti Mübariz Mənsimov Bodrumda bahalı qayıqlara xidmət göstərən liman alıb. Azerisport.az xəbər verir ki, Türkiyənin “Hürriyet” qəzeti Mübariz Mənsimovun Port Bodrum Yalıkavak Marina limanını Ceyi Kamhi adlı iş adamından aldığını yazıb.
Alqı-satqı müqaviləsini Türkiyə Milli Əmlak Qurumunun təsdiqlədikdən sonra limanın icarə haqqı Palmali Şirkətlər Qrupuna keçəcək. Milli Əmlak Qurumuna rəsmən müraciət edilib və müqavilənin təsdiqlənməsi yolunda problem olacağı gözlənilmir. Mübariz Mənsimov 450 qayığa xidmət göstərən limanı genişləndirmək niyyətində olduğunu, ilkin mərhələdə bu məqsədlə 20 milyon dollar sərmayə qoyacağını söyləyib. O bildirib ki, Port Bodrum Yalıkavak Marina Bodrumun ən böyük və modern limanına çevriləcək.
Qeyd edək ki, Mübariz Mənsimov 2 il əvvəl Bodrumda bir otel satın alıb və hazırda otel “Palmalife” adı altında fəaliyyət göstərir. İstanbulda HSBC Bankının binasını alan və 100 milyon dollar sərmayə qoyaraq onu otelə çevirən Mübariz Mənsimov “Cipriani” adı verdiyi otelin açılış tarixini də açıqlayıb. O deyib ki, otel 2011-ci il yanvarın 1-də açılacaq. (lent.az)
