6 dekabr 2010 17:37
Adamiya: Bu mövsüm o qədər oyun keçirmişik ki, dəsti-xəttimizi hamı bilir
Qarabağ`ın yarımmüdafiəçisi Georgi Adamiya azerisport.az-a müsahibəsində futbol üzrə Azərbaycan Premyer Liqasının 16-cı turunda İnter`ə qarşı keçirilən oyundan danışıb və həmçinin, öz oyununu qiymətləndirib.
- İnter`ə qarşı oyunu necə qiymətləndirirsiniz?
- Biz üç oyun ardıcıl məğlubiyyətdən sonra qələbə qazanmaq istəyirdik. Başa düşürdük ki, rəqib güclüdür, necə olmasa da, ölkə çempionudur. Oyun çox maraqlı idi və üç xal qazanaraq tapşırığı yerinə yetirdik.
- İnter`də hesab edirlər ki, onların bəxti gətirmədi...
- Onlarda topun dirəyə dəydiyi cəmi bir qol vəziyyəti oldu. Düşünürəm ki, qələbəmiz tamamilə ədalətlidir. Biz rəqibi çox yaxşı öyrəndik və oyuna əla kökləndik. İnter bizim onlara imkan verdiyimiz qədər oynayırdı.
- İndi ilk “altılığ”a düşmək imkanlarınız yüksəldi?
- Mübarizə hələ davam edir. Hətta İnter də buna qoşuldu, axı bizi cəmi üç xal qabaqlayır. İndi çox uzağa baxmağa ehtiyac yoxdur.
- Deyirsiniz ki, rəqibi yaxşı öyrənmişdiniz. Sizə elə gəlmir ki, məğlub olduğunuz oyunlarda rəqibləriniz sizi yaxşı öyrəniblər?
- Razıyam. Bu mövsüm o qədər görüş keçirmişik ki, bizim oyun dəsti-xəttimizi anlamaq olar. Bizə qarşı hər komanda aqressiv oynayır, idman aqressiyası mənasında. Bizim də öz növbəmizdə bəxtimiz gətirmirdi.
- Baş məşqçi Qurban Qurbanov oyundan sonra nə dedi?
- Hamını təbrik etdi və Turan`la oyuna köklənməyə çağırdı. Axı çərşənbə günü onlarla kubok uğrunda oynayacağıq. Nəzərə alsaq ki, çempionatda tovuzlulara işıq ucu görünmür, onlar kubokda olduqca uğurlu çıxış etmək istəyəcəklər.
- Öz oyununuzdan razı qaldınız?
- Gizlətmirəm ki, son oyunlarda oyunum o qədər də alınmırdı, amma bu dəfə bəzi irəliləyişlər oldu. Yorğunluq özünü göstərir. Hər halda, var gücümlə çalışıram.
