6 dekabr 2010 18:19
Arbanas: Neftçi`nin nəticələrinə elə də diqqət yetirmirəm
Xəzər Lənkəran klubunun yarımmüdafiəçisi Konstantin Arbanas son turun Turan`la oyunu, həmçinin qarşıdakı kubok görüşüylə bağlı düşüncələrini bölüşüb. Onun azerisport.az-a müsahibəsini təqdim edirik:
- Komandanız niyə Turan`la oyundakı qələbəni çətinliklə əldə etdi?
- Ağır oyun alındı. Ona görə yox ki, rəqibimiz mükəmməl oyun sərgiləyirdi. Sadəcə meydança biabırçı vəziyyətdə idi. Elə qazonda yaxşı oyun göstərmək qətiyyən mümkün deyildi. Hər şey fiziki hazırlıqdan asılıdır. Kim bu cəhətdən daha yaxşı hazırlıqlıydısa, o da qalib gəldi.
- Deməli, komanda elə də diqqətçəkən oyun sərgiləmədi?
- Yox. Biz Tovuz stadionunun qazonunda mümkün qədər yaxşı oynamağa çalışdıq. Digər tərəfdən rəqib də bizimlə oyuna kifayət qədər yaxşı motivasiya olmuşdu. Ancaq çox çalışsalar da, son qələbə qazanan tərəf məjz biz olduq.
- Deyirlər ki, oyunun əvvəlində 10 dəqiqəlik fasilə olub. Ümumiyyətlə, nə baş vermişdi ki orda?
- 10 dəqiqə – bu şişirtmədir. Oyun hardasa 5-6 dəqiqəlik dayandı. Hər şeyə də hakim günahkar oldu. Vaxtında düzgün qərar qəbul edə bilmədi. Məhz bu üzdən meydanda mübahisə yarandı. Bizim hücum zamanı yan xətt hakimi oyundankənar vəziyyət qeydə aldı. Ancaq baş hakim davam işarəsi verdi. Və hücumun sonunda biz qol vurduq. Bütün bunlardan sonra yaranan mübahisələr nəticəsində qolumuz qeydə alınmadı.
- Turan həqiqətən meydanı tərk etmək istəyirdi?
- Mənim diqqətimi belə bir şey çəkməyib.
- Qol təmiz idi?
- Mən orda ofsayd görmədim. Növbəti hakim səhvidi. Buna baxmayaraq, biz qələbə qazandıq. İndi növbəti oyuna hazırlaşa bilərik.
- Sizin təsadüfi hallarda əsas heyətə düşməyiniz nə ilə bağlıdır?
- Mən bunda problem axtarmıram. Hər kəsin əsas heyətə düşmək üçün şansı var. Ən başlıcası odur ki, biz yaxşı oyun göstərək və qələbə qazanaq.
- Neftçi bu tur xal itirdi ki, XL da onunla xal fərqini minimuma endirdi...
- Səmimi deyirəm, mən Neftçi`nin nəticələrinə elə də diqqət yetirmirəm. Əgər biz qələbə qazanmağa davam etsək, birinci pilləyə qalxmağımıza heç kim mane ola bilməz. Bunun üçün isə kifayət qədər vaxtımız var.
- Qarşıda MKT-Araz`la kubok oyunu da var...
- Düşünürəm ki, bizdə elə də ciddi problem yoxdu. Baxmayaraq ki, bu klub birinci divizion təmsilçisidir, biz oyuna ciddi hazırlaşırıq.
