7 dekabr 2010 00:04
Bir pərdəli 8 tamaşa: aglayan və gülən kimlər olacaq?
Bu gün futbol üzrə Azərbaycan kubokunda 1/8 final mərhələsinin oyunlarına start veriləcək. Azerisport.az xəbər verir ki, hələ xeyli öncədən məlum olduğu kimi, baş tutmalı oyunlardan yalnız biri ilk oyun gününə təsadüf edəcək. Qalan görüşlər isə sabah keçiriləcək.
Məlum olduğu kimi, AFFA İcraiyyə Komitəsinin qərarına əsasən, cari mövsümdən ölkə kubokunun 1/4 final mərhələsinə kimi qaliblər bir oyunla müəyyənləşir. Bu üzdən 1/8 final mərhələsinin bu gün və sabah üz-üzə gələcək cütlükləri də münasibətlərinə elə yeganə 90 dəqiqə (və ya 120 dəqiqə) ərzində aydınlıq gətirmək məcburiyyətindədirlər.
Bu turnirin ilk - 1/16 final mərhələsində əsasən birinci divizion təmsilçiləri üz-üzə gəlmişdi. Onların arasından daha çıxan güclü MKT-Araz, Neftçi İSM, Şuşa və Rəvan`ı indi Premyer Liqa təmsilçiləriylə çətin duel gözləyir. Yarışa ilkin mərhələdən qoşulan iki Premyer Liqa təmsilçisindən isə hazırda biri mübarizəni davam etdirir. Çünki elitanın autsayderi MOİK kubokun 1/16 finalında üzləşdiyi birinci divizionun favoriti Abşeron`a biabırçı yenilgidən yaxa qurtara bilməmişdi. Gəncə isə oxşar sensasiyaya imkan verməmişdi.
Bəlkə də 1/8 finalda ən maraqlı cütlüklərin də iştirakçıları elə məhz Abşeron`la Gəncə`dir. Məsələ burasındadır ki, Gəncə cari mövsüm Premyer Liqada liderlik edən Neftçi`ylə doğma meydanda qarşılaşacaq. Birinci divizionda at oynadan Abşeron`u isə elitanın autsayderi Simurq`la maraqlı mübarizə gözləyir. Son turda Bakı üzərində sensasion qələbə qazanan Zaqatala klubunun doğma meydanda, baş məşqçisi Qyoko Haciyevskinin yoxluğunda növbəti uğurunu qazanıb, qazanmayacağı maraqla gözlənilir.
Lakin digər tərəfdən Abşeron`a da kubokda birinci divizionun ən layiqli təmsilçisi gözüylə baxılır. Çünki Mirbağır İsayevin komandası da mübarizəni bu mərhələdə dayandırsa, çox güman ki, artıq 1/4-də birinci divizion klubu görməyəcəyik. Axı MKT-Araz-ın Xəzər Lənkəran`a, Neftçi İSM-in isə Qəbələ`yə səfərdə hansısa sürpriz yaşadacağına demək olar ki, inam yoxdu. Elə Şuşa və Rəvan`ın da müvafiq olaraq İnter və AZAL-ı mübarizədən kənarlaşdırması ehtimalı çox azdı.
Neftçi və Gəncə arasındakı ən prinsipal qarşılaşmada kimin qalib olacağını isə qətiyyən müəyyənləşdirmək olmur. Premyer Liqa çərçivəsində bu rəqibinin qapısından 6 qol keçirməklə qələbə qazanan paytaxt təmsilçisi qisas eşqiylə alışıb-yanan gəncəlilərdən güzəştli mübarizə gözləməməlidi. Digər tərəfdən bölgə klubunun çempionluq şansı az olduğundan bütün gücünü kuboka qoyduğu da dəqiqdi. Neftçi isə hər iki cəbhədə mübarizəyə nə dərəcədə istəkli və hazır olduğunu isbatlamaq imkanına malikdi.
Premyer Liqa klublarının iştirakıyla baş tutacaq digər iki duelin iştirakçıları isə Bakı`yla Muğan, həmçinin Qarabağ və Turan olacaq. Cari mövsüm heç vəchlə özünə gələ bilməyən, son turda autsayder Simurq`a uduzan, ilk dövrədə isə elə Salyan klubuna da boyun əyən “zolaqlılar”ın əlinə qisas imkanı düşüb. Amma onların bu vəzifənin öhdəsindən gəlib-gəlməyəcəyini zaman göstərəcək. Cari mövsüm işləri qaydasında getməyən daha bir klub – Qarabağ isə Turan`la münasibətlərinə aydınlıq gətirəcək ki, matçın doğma meydanda olması Ağdam klubuna daha çox şans verir.
Ölkə kuboku
1/8 final
7 dekabr (çərşənbə axşamı)
Qarabağ - Turan
Hakimlər: Ramil Diniyev, Azad Q. Hüseynov, Habil Əliyev, Elnur Muradov
AFFA nümayəndəsi: Şaiq Həmidov
Hakim-inspektor: Məlik Həsənov
Bakı. Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionu. Saat 13:00.
8 dekabr (çərşənbə)
Gəncə - Neftçi
Hakimlər: Əfqan Həmzəyev, Ramiz Əsədov, Eldar Nağıbəyov, Fuad Həsənov
AFFA nümayəndəsi: Qürbət Həsənov
Hakim-inspektor: Əhmədağa Cabbarov
Gəncə. Şəhər stadionu. Saat 13:00
Xəzər Lənkəran – MKT-Araz
Hakimlər: Orxan Məmmədov, Coşqun Həsənov, Zeynal Zeynalov, Teymur Fərhadov
AFFA nümayəndəsi: Vaqif Davudov
Hakim-inspektor: Əmir Zamanov
Lənkəran. Şəhər mərkəzi stadionu. Saat 15:00
Qəbələ - Neftçi İSM
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Aydın Ələkbərov, Vüsal Əliyev
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Xaqani Məmmədov
Qəbələ. Şəhər stadionu. Saat 13:00
Bakı - Muğan
Hakimlər: Rauf Cabbarov, Azər Əsgərov, Rahil Ramazanov, Hacıəli Ağayev
AFFA nümayəndəsi: Namiq Məstanov
Hakim-inspektor: Murad Məmmədov
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu. Saat 14:00
Simurq - Abşeron
Hakimlər: Rasim Məmmədov, Qəzənfər Məmmədov, Samir Hacıyev, Rövşən Əhmədov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Fazil Mürşüdov
Zaqatala. Şəhər stadionu. Saat 13:00
Şuşa - İnter
Hakimlər: Elvin Əsgərov, Rasim Əhmədov, Hüseyn İmanov, Qorxmaz Eldarov
AFFA nümayəndəsi: Əliyar Xanəliyev
Hakim-inspektor: Şahin Cəfərov
Bakı. “Ədliyyə” stadionu. Saat 13:00
Rəvan - AZAL
Hakimlər: Ceyhun Haşımov, İsgəndər Əliyev, Elman Kərimov, Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Əziz Əliyev
Hakim-inspektor: Gülağa Cabarov
Bakı. "Şəfa" stadionu, 4-cü meydança. Saat 13:00
