7 dekabr 2010 13:56
Bahodir Nasimov: Oyunçuların meydanda söyüş söyməsi xoşuma gəlmir
Neftçi`nin hücumçusu Bahodir Nasimov azerisport.az-a müsahibəsində futbol üzrə Azərbaycan çempionatının 16-cı turu çərçivəsində AZAL ilə oyundan (0:0), öz çılğınlığından və Özbəkistan yığmasına dəvətdən danışıb.
- AZAL ilə oyun çox coşqun hisslər doğurdu.
- Ağır oyun idi və biz bunu hələ oyun qabağı bilirdik. Premyer Liqada bütün komandalar sona qədər mübarizə aparır. Simurq`un Bakı üzərində qələbəsi buna əyani sübutdur. AZAL yaxşı komandadır və bizə qarşı oyunda bunu növbəti dəfə sübut etdilər. Bu və digər komandanın qol vəziyyətləri oldu. Düşünürəm ki, uda və ya uduza da bilərdik.
- Ancaq digər tərəfdən, öz növbəsində Xəzər Lənkəran keçirdiyi oyunda qələbə qazandı və artıq sizdən bir xal geri qalır.
- Mən başqalarının xallarını saymıram. Ancaq öz xallarımız haqda düşünürəm.
- Bu həftə sizi iki oyun gözləyir - kubokda Gəncə və Premyer Liqada Bakı ilə...
- Kubokda hər şey sadədir. Əgər bu görüşdə qələbə qazansaq, onda növbəti mərhələyə keçəcəyik. Əvvəlcə Gəncə ilə oynayacağıq. Komandada yorğunluq var, ancaq ilin sonuna qədər davam gətirməyə çalışacağıq. Bu oyun Bakı ilə görüşdən çətin olacaq. Orada həm azarkeşlər oyunlara çox gəlir, həm də rəqib aqressivdir.
- Yeri gəlmişkən, Gəncə azarkeşləri hər iki klubun fanatları arasında baş verən son münaqişəyə işarə edərək Neftçi`ni bura gəlməməyə çağırıblar...
- Yəqin ki, onlar bu çağırışı bizim azarkeşlərə ediblər. Qoy nə istəyirlər, onu da desinlər. Ancaq biz ora getməliyik.
- Son üç turda bir qol belə vurmadan meydanı tərk etdiniz. Bu, hücumçu üçün bir növ adi haldır, ancaq bunu sizdən heç kim gözləmirdi.
- Bizim üçün ən əsası hər oyunda üç xaldır. Mənim qollarım isə ikinci dərəcəli hadisədir. Ancaq komanda qələbə qazanmırsa və mən də qol vurmuramsa, onda oyundan sonra ovqatım pis olur. Əgər komanda qələbə qazanırsa, bu halda mənə acı gəlmir. Azərbaycana çempion olmaq üçün gəlmişəm. Qollar isə hələ çox olacaq.
- Son vaxtlar dəfələrlə Premyer Liqa müdafiəçilərinin ünvanına narazılıqlarınızı bildirirsiz. Kobud oynayırlar?
- Deməzdim ki, çox kobud. Bu futboldur. Hakimlər görür və lazım olanda cəzalandırırlar.
- Demək buna görə az qala hər oyunda onlarla mübahisə edirsiniz?
- Mən həyatda da belə çılğınam. Mənə qarşı kobud oyunu sevmirəm. Həmişə öz kobudluğuma görə üzr istəyirəm və mənə özümə əks davranışı xoşlamıram. Həm də oyunçuların meydanda söyüş söyməsi xoşuma gəlmir. AZAL-ın oyunçularından biri Slavko Georgiyevskini söydü. Ona müraciət edib, bunun nəyə lazım olduğunu soruşdum və o, məni də söydü. Belə hallarda mən laqeyd qala bilmirəm.
- Yeri gəlmişkən, sizin qol sükutunuzdan sonra Neftçi nə isə bir enişə gedib.
- Düşünmürəm ki, bizdə eniş var. Qol vəziyyətləri olmasaydı, onda başqa məsələ. Misal üçün, bu oyunda mən təkbətək çıxdım və vura bilmədim. Eniş yoxdur, sadəcə qol vurmuruq.
- Azərbaycanda çox qalmağa qərarlısınız, yoxsa ölkəmizi tramplin hesab edirsiniz?
- Əlbəttə tərəqqi etmək istəyirəm. Hər bir futbolçu Avropada oynamağı arzu edir və mən də istisna deyiləm. Ancaq bunun üçü hələ çox şey etmək gərəkdir.
- Yanvarda sizi Asiya Kubokunda iştirak edəcək Özbəkistan yığmasına çağırmaq istəyirlər?
- Bundan əvvəl dekabrın 18-dən yanvarın 3-nə qədər Dubayda toplanış var. Sonra Qətərdə bu turnir start götürür. Məni hələ dəvət etməyiblər. Ancaq bilirəm ki, dəvət olunanlar siyahısında varam.
- Öz ölkənizin yığmasında çıxış etmisiniz?
- Hə, artıq üç oyun keçirmişəm.
- Bir vaxtlar sizin Azərbaycan yığmasına mümkün dəvətiniz haqda fəal danışırdılar...
- Bu haqda mənə danışıblar. Əgər mən Özbəkistanda doğulmuşamsa, Azərbaycan yığmasında necə oynaya bilərəm? Hətta əgər məni dəvət belə etsəydiər, mən imtina edərək milli komandamıza dəvəti sona qədər gözləyərdim.
- Fürsətdən istifadə edərək, hesab etmirsiniz ki, dəvət gecikib?
- Rəsmi oyunlar olmayıb. Buna görə də məşqçi mənə klubdakı çıxışıma köklənməyi məsləhət bilib.
