7 dekabr 2010 17:55
“Gəncədə həmişə Neftçi`yə böyük hörmətlə yanaşıblar”
Gəncə futbol məktəbinin yetirməsi, Neftçi`nin veteran futbolçusu Asif Əliyev Azərbaycan kubokunun 1/8 final mərhələsinin Gəncə – Neftçi oyunu ərəfəsində fikirlərini bölüşüb. Azerisport.az xəbər verir ki, paytaxt klubunun rəsmi saytına açıqlamasında Əliyev Neftçi və Gəncə komandalarının arasındakı oyunun futbolumuzun bəzəyi olduğunu bildirib:
“Gəncədə həmişə Neftçi`yə böyük hörmətlə yanaşıblar. Hələ Sovetlər Birliyi dövründə flaqman güclülər dəstəsində oynayarkən bu şəhər Neftçi`yə dəstək olub. Biz özümüz də həmişə Azərbaycanın bir nömrəli komandasında oynamağı arzulamışıq. Gəncə hər zaman Azərbaycan futbolunun məbədi olub. Buradan həmişə texnikalı, ulduz futbolçular çıxıb. Neftçi`nin heyətində də müxtəlif illərdə Gəncə şəhərindən olan futbolçular məzmunlu oyunları ilə azarkeşlərə sevinc bəxş ediblər. Ümid edirəm ki, dekabrın 8-də baş tutacaq Gəncə - Neftçi qarşılaşması da ədalətli oyun prinsipləri şəraitində keçəcək. Hər iki komandanın futbolçuları gözəl oyunu ilə futbol həvəskarlarına maraqlı anlar yaşadacaqlar. Çünki hər zaman gəncəli azarkeşlər gözəl futbola dəyər veriblər”.
