7 dekabr 2010 00:20
Fərid Mansurovdan Neftçi`yə dəstək
Olimpiya çempionu, yunan-Roma güləşi üzrə Azərbaycan yığmasının baş məşqçisi Fərid Mansurov Neftçi`yə dəstək nümayiş etdirib. Azerisport.az xəbər verir ki, Mansurov paytaxt klubunun rəsmi saytına açıqlamasında, öncə klub prezidenti Sadıq Sadıqovun işindən danışıb:
“Sadıq Sadıqovun komandaya prezident təyin olunmasından sonra göstərilən sistemli oyun, ardıcıl qələbələr, xüsusən komandanın zövqoxşayan hücum futbolu nümayiş etdirməsi Neftçi İdman-Sağlamlıq Mərkəzinin idmançılarını hədsiz dərəcədə sevindirir. Neftçi İSM üzvlərinin bütün uğurları Sadıq Sadıqovun yüksək idarəçilik bacarığı sayəsində mümkün olub. Sadıq müəllim idmançılara çox gözəl münasibət göstərir, onların hər bir qayğısı ilə maraqlanır, problemlərini həll edir”.
Fərid Mansurov komanda üzvlərinə müraciət etməyi də yaddan çıxarmayıb: “Üzümü futbolçulara tutub demək istəyirəm ki, bədniyyət insanların qərəzli və populist çıxışlarına əhəmiyyət verməsinlər, ruhdan düşməsinlər. Əksinə, həmişəkindən də gözəl oyun nümayiş etdirərək, ardıcıl qələbələr qazansınlar və öz uğurları ilə bu bədxahların çirkin arzularını ürəklərində qoysunlar”.
