8 dekabr 2010 11:09
ÇL-in və Avroliqanın püşkatma mərasimlərinin vaxtı müəyyənləşdi
UEFA Çempionlar Liqası və Avropa Liqasının ilk pley-of mərhələsinin püşkatmasının baş tutacağı tarix müəyyənləşib. Azerisport.az xəbər verir ki, qitə futbol qurumu həmin mərasimi 17 dekabrda keçirməyə qərar verib. İsveçrənin Nyon şəhərində yerləşən mənzil-qərargahında keçiriləcək mərasimdə məşhur Bobbi Çarlton və Ronni Uilan iştirakı gözlənilir.
Qeyd edək ki, ÇL-in 1/8 final mərhələsinin püşkatma mərasimi Mərkəzi Avropa vaxtı ilə sat 12:00-da (Bakı vaxtı ilə 15:00-da), Avroliqanın 1/16 və 1/8 final mərhələlərinin püşkatması isə bir saat sonra başlayacaq. ÇL-in pley-of mərhələsinin püşkü qrup qalibləri ilə qrup ikincilərini qarşılaşdıracaq. Özü də birincilər 1/8 finalın ilk oyununu səfərdə keçirəcəklər. Bu mərhələdə eyni ölkəni təmsil edən və qrup mərhələsində eyni qrupda mübarizə aparmış komandalar qarşılaşa bilməz.
Avroliqanın 1/16 final mərhələsində isə 12 qrup qalibi və ÇL-in qrup mərhələsində 3-cü olan ən yaxşı 4 komanda, Avroliqanın 12 qrup ikincisinə və ÇL-in digər 4 ən yaxşı üçüncüsünə qarşı mübarizə aparacaq. Avroliqanın qrup mərhələsində eyni qrupda yarışan komandalar 1/16 final mərhələsində qarşılaşa bilməz. Səfərdə ilk görüşləri Avroliqanın qrup qalibləri və Çempionlar liqasının 4 ən yaxşı üçüncüsü keçirəcək. Bu turnirdə də pley-ofun ilk raundunda eyni ölkə təmsilçiləri müxtəlif cütlərə ayrılıblar.
Daha sonra Avroliqanın 1/8 final mərhələsinin püşkləri atılacaq. Səbətdən komandaların adları deyil, 1/16 final mərhələsində oyunlara şamil edilmiş 1-dən 16 da daxil olmaqla nömrələnmiş şarlar çıxarılacaq. İlk ev oyunlarını nömrələri birinci olaraq çıxarılmış cütlərin qalibləri keçirəcəklər.
