9 dekabr 2010 15:02
Rail Məlikov: Neftçi AZAL kimi antifutbol oynamır
Millimizin və Neftçi`nin müdafiəçisi Rail Məlikov uzun müddətli zədədən sonra nəhayət ki, dünən Gəncə ilə ölkə kubokunun oyununda meydana çıxdı. Azerisport.az saytına müsahibəsində təcrübəli müdafiəçi bu və digər məsələlərlə bağlı fikirlərini açıqlayıb:
- Təxminən iki aylıq fasilədən sonra ilk oyununuza çıxdınız. Necə keçdi?
- Komandanın kapitanı kimi, deyə bilərəm ki, hər şey mənim üçün çox çətin keçdi. Bax, buna görə də əvvəlcə əvəzedicilərin heyətində oynamağı xahiş etmişdim. Hiss edirdim ki, oyun təcrübəm hələ çatmır. Hələ ki, özümə xas olan oyunu sərgiləyə bilmirəm. Zədədən sonra adam təbii olaraq əvvəlki cəsarətlə təkbətək mübarizəyə getməyə çəkinir.
- Çox az adam gözləyirdi ki, Gəncədə qələbə Neftçi`yə belə asan veriləcək...
- Bunu ancaq oyunu görməyənlər deyə bilər. Nəticə, oyunda baş verənlərin məğzini əks etdirmir. İkinci qolu vurana qədər, hadisələrin axarı bizim üçün elə də asan getmirdi.
- Kubokun 1/4 finalında Xəzər Lənkəran`la qarşılaşmaq necədir?
- Hələ 1/8 final oyunları başlamamış biz sonda hər şeyin belə alınacağını gözləyirdik. Bu oyunu yalnız erkən final adlandırmaq olar. Mühüm oyundur. Bu cütün qalibi nəhayət ki, kubokun sahibi olacaq.
- Bakı ilə qarşıdakı oyun haqda nə düşünürsünüz?
- Ciddi rəqibdir. Bakı`da mövcud problemlərə baxmayaraq, qarşıda bizi çətin oyun gözləyir.
- Hər halda, birinci dövrədə siz onları elə bil asanlıqla məğlub edə bildiniz.
- Sizə belə gəlir. Bizim üçün bu görüş çox çətin keçdi. Qarşıdakı oyun da istisna deyil. Ancaq biz, həmçinin qələbəyə bel bağlayırıq.
- Əgər nəzərə alsaq ki, rəqib yaxşı vəziyyətdə deyil, onda bunu etmək o qədər də çətin olmayacaq...
- Əgər onlar Simurq`a məğlub olublarsa, bu, o demək deyil ki, bizə asan olacaq. Düşünürəm ki, onlar oz rəqiblərini qiymətləndirməyiblər. Biz belə etməyəcəyik. Bax, buna görə də biz birinci yerdə gedirik.
- İstənilən halda, komandanızın ilk turlarda olduğu kimi yaxşı futbolu alınmır?
- Bacardığını etmək həmişə mümkün olmur. Digər tərəfdən, artıq ilin sonudur və biz də bütün insanlar kimi yorula bilərik. Ancaq biz AZAL kimi antifutbol oynamırıq.
