9 dekabr 2010 17:46
Mahir Şükürovun klubu Bakıya gələcəyi tarixi açıqladı
Millimizin üzvü Mahir Şükürovun da formasını geydiyi Rusiyanın Anji klubunun yeni mövsüm üçün hazırlıq planları məlum olub. Azerisport.az xəbər verir ki, klubun rəsmi saytı ilə yayımlanan hazırlıq planında ölkəmizə 5 günlük səfər də nəzərdə tutulub.
Yanvarın 8-də bir araya gələcək Mahaçqala klubu 17-nə kimi klubun bazasında məşq keçəcək. Növbəti 3 təlim-məşq toplanışı isə Türkiyədə baş tutacaq. Həmyerlimizin komandası öncə 21-31 yanvar tarixlərində qardaş ölkədə olacaq ki, ayın 23, 27 və 31-də sınaq görüçləri keçirəcək. .Fevralın 5-dən 15-nə qədər baş tutacaq hazırlıq prosesində isə 4 sınaq matçı nəzərdə tutulub (ayın 6, 9, 12-si və 15-də). Nəhayət 20-27 fevral aralığındakı təlim-məşq toplanışında ayın 22-si və 25-də yoldaşlıq görüşləri keçirmək şərtilə hazırlıq keçmək nəzərdə tutulub.
Ən maraqlısı isə, Anji rəhbərliyinin artıq indidən Bakıya səfər planlaşdırmasıdır. Məsələ burasındadır ki, Rusiya kubokunun 1/8 final mərhələsinin Zenit`lə oyunundan (1 mart) sonra Mahaçqala təmsilçisi ölkəmizə gəlməyi planlaşdırır. Artıq indi plana əsasən martın 4-də Azərbaycana gələcək Mahirin komandası 9-na kimi burda qalacaq. Ayın 5-də isə yoldaşlıq oyunu keçirəcək. Həmin yoldaşlıq matçı da çox güman ki, Bakı ilə olacaq. Çünki bu iki klub arasında bu haqda çoxdan belə bir razılıq var.
