9 dekabr 2010 18:18
Həmyerlimizin klubu baş məşqçisiz qaldı
Bank Asiya birinci liqa təmsilçilərindən olan Kartalspor`da uğursuz gedişat baş məşqçi Ergün Penbenin istefa verməsiylə nəticələnib. Azerisport.az xəbər verir ki, Vitali Kovalyovun heyətində yer aldığı klub artıq yeni məşqçi axtarışlarına başlayıb.
Rəhbərliklə heç bir problemi olmadığını deyən Ergün istefasının səbəblərindən danışarkən, bunları söyləyib: “Komandanın önünü açmaq üçün istefa qərarına gəldim”. Onun yoxluğunda, komandanın həftəsonu keçiriləcək növbəti oyuna köməkçi məşqçilər hazırlayacaq.
Qeyd edək ki, Ergün Penbenin gedişi Kovalyov üçün də düşərli ola bilər. Məsələ burasındadır ki, həmyerlimizin onun gəlişinə kimi işləri yaxşı getsə də, bu baş məşqçinin dövründə bir qayda olaraq, ehtiyatda qalıb. İndi Vitalinin yeni gələcək məşqçiyə özünü necə göstərməsindən çox şey asılı olacaq.
