9 dekabr 2010 00:04
Müqavimətsiz kubok mübarizəsi
Ölkə kubokunun cari mövsümündə daha bir mərhələni arxada qoyduq. Azerisport.az xəbər verir ki, başa vurulan 1/8 final mərhələsində ən güclü 8 komanda adını 1/4-ə yazdırdı. Bütövlükdə bu mərhələni sürprizlərlə zəngin hesab etmək olmaz. Amma istisnalar da oldu.
Şübhəsiz bu mənada əsas sensasiya elə ilk oyun günündə keçirilən Qarabağ – Turan oyununda qeydə alındı. Məlum olduğu kimi, 1/4 final mərhələsinə kimi, kubok cütlüklərinin qalibi 1 oyuna əsasən müəyyənləşib. Ev sahibliyi də püşkə əsasən seçildiyindən Ağdam klubunun bu baxımdan da bəxti gətirmişdi. Hər halda qarşılaşma Qarabağ üçün doğma olan Suraxanı qəsəbə stadionunda keçirilirdi.
Lakin həm heyətindəki oyunçularına, həm real gücünə, həm də Premyer Liqadakı vəziyyətinə görə rəqibini qat-qat üstələyən Qarabağ heç kimin gözləmədiyi halda, kubokdan kənar qaldı. Son dövrlər çempionatda da işləri yaxşı getməyən Ağdam təmsilçisi tovuzlularla qarşılaşmanın əsas vaxtında qol vura bilməyincə, rəqibini həvəsləndirdi və sonda gözlənilməz zərbə almış oldu.
Bu yenilgi, son turda İnter üzərindəki minimal hesablı qələbənin dərdə dərman olmadığını isbatlamaqla yanaşı, daha bir acı reallığı üzə çıxarmış oldu. Deyəsən, avrokublardakı ən layiqli təmsilçimiz ölkə daxilindəki rəqiblərini lazımı dərəcədə qiymətləndirə bilmir. Yoxsa hətta ortabab və autsayder komandalarla duellərdə də belə xal itkiləri qeydə alınmazdı.
1/8 final mərhələsindəki duellər arasında daha bir qarşılaşma var ki, onun nəticəsini gözlənilməz hesab etməklə yanaşı, bir o qədər də gözlənilən adlandırmaq lazımdır. Çünki Abşeron birinci divizion təmsilçisi olmasına rəğmən, Premyer Liqa iştirakçısı Simurq`u bu turnirdən uzaqlaşdırdı. Ancaq nəzərə alsaq ki, Zaqatala klubu cari mövsüm elitanın autsayderlərindəndi və Abşeron öz növbəsində birinci divizionda vahid liderlik edir, deməli, bu nəticəni normal hesab etmək olar. Axı növbəti mövsümdən etibarən bu komandanın güclülər dəstəsində olacağına demək olar ki, heç kim şübhə etmir.
Digər birinci divizion təmsilçilərinə gəlincə, Rəvan AZAL, MKT-Araz Xəzər Lənkəran, Neftçi İSM Qəbələ, Şuşa isə İnter səddində ilişib qaldı ki, bunlar da tam gözlənilən idi. Premyer Liqa klublarının təşkil etdiyi daha bir cütlükdə - Bakı və Muğan arasındakı qarşılaşmada isə az qala növbəti sensasiya qeydə alınacaqdı. Çünki erkən qola imza atan Salyan təmsilçisi Turan`ın uğurunu təkrarlamaqla, Qarabağ kimi, ölkə kubokunun sahibini də turnirdən kənarlaşdırmağa çox yaxın idi. Lakin hətta əlavə vaxtda penalti dəf etməyi də bacaran qonaqlar sonda sevinən tərəf ola bilmədilər.
Ən nəhayət 1/8 final mərhələsinin daha maraqla gözlənilən dueli – Gəncə - Neftçi görüşü barədə. Bu qarşılaşma öncədən gözlənilən effekti, ajiotajı özündə əks etdirə bilmədi desək yanılmarıq. Premyer Liqa çərçivəsində Bakıda keçirilən oyunda rəqibinə 2:6 hesabıyla yenilən gəncəlilərin həmin biabırçı məğlubiyyətin qisasını almaq üçün daha ciddi müqavimət göstərəcəyi gözlənilsə də, bu, baş vermədi. Əskinə ardıcıl 3 qolla meydan sahiblərinin bütün ümidlərini alt-üst edən Neftçi həm sensasiyaya imkan vermədi, həm də 1/4 finalda möhtəşəm qarşılaşmanın baş tutmasını təmin etdi.
Bütün bu nəticələrdən sonra ölkə kubokunun 1/4 final mərhələsində baş tutacaq cütlüklərin siyahısına bir daha baxmağa dəyər:
Neftçi – Xəzər Lənkəran
Qəbələ – Bakı
Abşeron – İnter
AZAL – Turan
Göründüyü kimi, cari mövsüm çempionluq uğrunda mübarizə aparan əzəli rəqiblər - Neftçi və Xəzər Lənkəran`ın növbəti mərhələdəki dueli çox maraqlı və gərgin mübarizə vəd edir. Eyni məqsəd uğrunda mübarizə aparan, təxminən eyni gücdə olan iki komandadan hansınınsa kuboku çempionata qurban verməsi inandırıcı görünmür.
Elə Qəbələ ilə Bakı`nın da mübarizəsini də bu qəbildən hesab etmək olar. Çünki bu iki klubdan hansınısa çempion olması çətin görünür. Heç avrokuboklara vəsiqə yolunda da işləri asan görünməyən paytaxt və Qəbələ təmsilçiləri hazırda ilk “altılığ”a düşmək üçün çalışır. Belədə qitə miqyaslı yarışlara ən qısa yol hesab olunan kubokda bütün güclərini qoymağa çalışacaq tərəflər amansız mübarizəyə girişəcək.
Digər cütlüklərdə isə vəziyyət bir qədər fərqlidi. Çünki hər iki cütdə tərəflərin biri aşkar favorit, digəri isə autsayder olacaq. İki oyunun nəticəsinə görə İnter və AZAL-ın yarımfinala çıxacağını indidən proqnozlaşdıranlar da var. Hər halda mart ayında keçiriləcək 1/4 final oyunları öncəsi bu komandaların son durumlarından çox şey asılı olsa da, Abşeron`la Turan`ın növbəti sürprizə imza atması inandırıcı görünmür.
Yeri gəlmişkən, 1/8 final oyunları arasında biz o qədər də gərgin və ciddi mübarizənin şahidi olduğumuzu deyə bilmərik. Sanki bütün iştirakçılar öncədən meydana bu nəticələrə “razılaşıb çıxmışdılar”. Ən azı ona görə ki, 8 qarşılaşmanın heç birində hakimlər futbolçulara qırmızı vərəqə göstərmədilər. Nəinki qırmızı vərəqə, 1 qarşılaşmanı çıxmaq şərtilə, digər oyunlarda 3-dən artıq sarı vərəqə də olmadı. Bu mənada yalnız Bakı və Muğan arasındakı dueli fərqləndirmək olar ki, müəyyən qədər gərgin mübarizəyə səhnə olan, sona kimi mübarizə aparan tərəflərdən biri 3, digəri isə 4 sarı vərəqəylə cəzalandı, qalib isə yalnız penaltilər seriyasında müəyyənləşdi.
Biz adətən hansısa danışıqlara getmək, çempionat və kubokdakı vəziyyətlərinə uyğun olaraq, komandaların müəyyən razılaşmalarda iştirak etməsinin xüsusilə 1/4 və yarımfinal mərhələlərində şahidi olmuşuq. Hər halda indiyəqədərki mövsümlərdə belə hallar az olmayıb. Cari mövsüm hələlik bu yöndə ciddi problemlər aşkarlanmasa da, qarşıdakı mərhələlərdə yenə eyni halların təkrarlanması mümkündü. Lakin hər şey çox güman ki, həmin dövrdəki vəziyyətdən asılı olacaq. Odu ki, yaşayarıq, görərik...
