9 dekabr 2010 12:48
Vaqif Cavadov: Neftçi`ni udub, “altılığ”a qayıtmalıyıq
Bakı`nın və millimizin hücumçusu Vaqif Cavadov azerisport.az saytının suallarını cavablayıb. Dünən keçirilən ölkə kubokunun Muğan`la oyunu haqda danışan futbolçu, qarşıdakı Neftçi ilə matça da toxunub:
- Salyan klubu üzərindəki qələbəniz çox çətin başa gəldi...
- Bəli, bununla razıyam. Qol vəziyyətləri olurdu, ancaq vura bilmdirdik. Üstünlük bizim tərəfimizdə idi. Əsas məsələ qalib gəlmək idi. Artıq o qələbəni necə əldə etməyimiz, ikinci dərəcəli məsələdir. Bu qələbə bizə çox lazım idi. Xüsusilə də Simurq`a məğlubiyyətdən sonra. Həmin qarşılaşmada biz çox bərbad oyun sərgilədik.
- Niyə oyunun penalti seriyalarına qədər davam etməsini istədiniz?
- Biz hesabı bərabərləşdirəndən sonra artıq ehtiyatlı oynamağa başladıq. Çünki yenə səhv edəcəyimizdən çəkinirdik. Bütün komandayla belə qərara gəldik ki, ehtiyatlı olub, zamanımızı gözləyək. Ona görə də qapalı oyun alındı. Amma bizim qələbə qazanacağımıza şübhəmiz yox idi.
- Düşünmürdünüz ki, siz də Qarabağ`ın aqibətini yaşaya bilərdiniz?
- Oyundan öncə bu haqda söhbətimiz olmuşdu. Bunu təkrarlamaq istəmirdik. Əlbəttə, çox yaxın idik. Ancaq son anda uğur bizim tərəfimizdə oldu.
- Üçüncü dəqiq penalti zərbəsindən sonra siz hakimə doğru qaçırdınız...
- Muğan`ın oyunçusu penalti zərbəsini düz vurmadı. Yeni qaydalara görə, elə penalti vurmaq olmaz. Dayandırıb, yenidən təkrarlanmasını tələb etmək lazım idi. Hakim də bunu bilməliydi. Mən ona bunu söyləyirdim.
- Baş məşqçi Vinfrid Şefer bu oyunda sizə, eləcə də bir çox oyunçulara oynamaq şansı yaratdı...
- O, mənə şans vermədi. Mən əsas heyətin üzvüyəm.
- Ancaq son oyunlarda təsadüfi hallarda əsas heyətdə görünürsən...
- Mənim zədəm var idi. Buna görə də davamlı oynaya bilmirdim. Yenə də təkrar edirəm, mən əsas heyətin üzvüyəm. Ola bilər ki, baş məşqçi və qalanları elə düşünür, amma mən belə hesab etmirəm.
- Qarşıdakı Neftçi ilə oyun haqda nə düşünürsən?
- Ağır oyun olacaq. Xüsusilə bu 120 dəqiqəlik kubok oyunundan sonra. Hazırlaşmalıyıq. Neftçi`ni udub, “altılığ”a qayıtmalıyıq.
