10 dekabr 2010 01:48
“Nəticələr yaxşıdırsa, bu, o demək deyil ki, biz yaxşı oynayırıq”
Qəbələ`nin baş məşqçisi Toni Adams azerisport.az saytına müsahibəsində komandasının hazırkı durumu və hədəflərindən danışıb.
- Qəbələ MOİK-i darmadağın etdikdən sonra (3:0) sizin ilk “altılıq”da vəziyyətiniz xeyli möhkəmləndi...
- Düzü, turnir cədvəlinə indiyə qədər ciddi diqqət yetirmirəm. Ancaq biz ordu klubu üzərində gözəl qələbə qazandıq. Bundan sonra diqqətinizi Turan`la oyuna cəmləşdirəcəyik.
- Əgər əvvəllər qəbələlilərin ilk “altılığ”a düşə biləcəyinə çox az adam inanırdısa, indi vəziyyət başqa cür görünür...
- Qəribə deyil. Axı ilk 5 oyunda biz cəmi bir xal toplamışdıq. Ancaq uduzduğumuz oyunlarda belə komanda o qədər də pis, qalib gəldiyimiz oyunlarda isə o qədər yaxşı görünmürdü. Mən Qəbələdə qurulan infrastrukturun səviyyəsinə uyğun olacaq komanda qurmağa hazırlaşıram. Bax, onda biz nəinki həlledici mərhələyə düşmək, hətta çempionluğa da oynayacağıq.
- Siz mövsümün əvvəlində hər uğursuzluqdan sonra sizə yaxşı komanda qurmaq üçün gərək olan uzunmüddətli vaxtdan danışırdınız. İndi də bu fikrinizdə qərarlısınız?
- Bəli. Son turlarda yaxşı nəticələrə baxmayaraq, mən öz fikrimi dəyişməmişəm.
- Axı komanda artıq yaxşı oynayır...
- Əgər nəticələr yaxşılaşıbsa, bu, o demək deyil ki, biz yaxşı oynayırıq. Məsələn, Bakı (1:2) və İnter`ə (0:1) məğlub olduğumuz oyunlarda biz, qələbə qazandığımız görüşlərdən yaxşı oynayırdıq.
- Komandanız artıq 10 oyundur məğlub olmur və 9 oyundur qol buraxmır...
- Müvəffəqiyyət çox böyük uğurdur. Biz məşqlərdə çox işləyirik və mənim oyunçularım kifayət yaxşı fəaliyyət göstərirlər.
- Və buna baxmayaraq, siz hələ heyəti dəyişmək istəyirsiniz?
- Mən heyətin bütün mövqelərdə möhkəmləndirilməsinin tərəfdarıyam. Əgər mənə hazırda komandadakı futbolçulardan daha yaxşıları rast gəlsə, onda təklif özünü çox gözlətməyəcək.
- Dəyişikliklər çox olacaq?
- Hər şeydən qabaq bir-ikisi mütləq olacaq.
- Üstünlüyü yerli və ya xarici oyunçulara verəcəksiniz?
- Mən yerlilərlə legionerlər arasında fərq qoymuram. Qəlbimizə kim xoş gəlsə, onu da götürəcəyik.
- Qarşıda Turan`la, AZAL və Bakı ilə ilin son oyunları var. Necə düşünürsünüz, ili uğurla başa vurmaq mümkün olacaq?
- İndi bütün diqqətimiz Tovuz klubu ilə oyuna yönəlib. Mənim tək bir məqsədim var - növbəti görüşü udmaq. İli necə yekunlaşdıracağımızı isə zaman göstərəcək.
