10 dekabr 2010 14:12
Vadim Borets Bakı`yla hansı arzusunu reallaşdırmaq istəyir?
Bakı`nın moldovalı futbolçusu Vadim Borets azerisport.az-a müsahibəsində əsas heyətə qayıdışından və Premyer Liqanın 17-ci turu çərçivəsində Neftçi`yə qarşı keçiriləcək qarşılaşmadan danışıb.
- Çoxdandır əsas heyətdə görünmürdünüz. Sizin Muğan`la kubok oyununda iştirakınız çoxlarını təəccübləndirdi...
- Məni isə sevindirdi. Darıxmışdım, oynamaq istəyirdim. Əgər qalib gəldiksə, demək ümidləri doğrultmuşam.
- İndi əsas heyətdə daimi yerə ümid edirsiniz?
- Bunu məşqçi müəyyənləşdirir. Və bu, müzakirə olunmur. Amma oynamaq istəyirəm. Özü də komandada çempionat və kuboku qazandığım iki gözəl mövsümdən sonra. Yaxşı oynayırdım və ona görə də buna ümid etməyə haqqım var. Əgər layiqəmsə, deməli oynamalıyam.
- Yeri gəlmişkən, ehtiyata düşəndən sonra Moldova yığmasına çağırmaqda davam edirlər?
- Hələ ki, belə çətinliyim yoxdur. Hollandiya və San Marinoya qarşı son oyunlarda mən iştirak etmişəm.
- Qarşıda çempionat çərçivəsində Neftçi ilə oyun var.
- Bu görüş bizim üçün çox vacibdir. Nəinki Neftçi, indi bütün oyunlar xüsusi əhəmiyyət daşıyır. Həddən çox xal itirmişik. Demək, meydana çıxmaq, oynamaq və liderə qalib gəlmək lazımdır.
- İndiki Bakı öz gücü ilə Neftçi`yə qalib gələ bilər?
- Bizim yaxşı komandamız var. Başa düşə bilmirəm ki, niyə hər şey belə alındı. Bu suala cavab verməmişdən qabaq, fikirləşmək lazımdır. Belə çıxışa hətta öncədən heç bir işarə yox idi. Biz yeddinci yerə layiq deyilik.
- Deməli, bu qədər müvəffəqiyyətsiz çıxışa indiyə qədər cavab tapa bilmirsiniz?
- Yox. Bir növ mövsümün əvvəlində gücləndik. Komandaya yaxşı məşqçi cəlb edildi. Hamı yaxşı olacağını gözləyirdi. Bakı`nı Vinfrid Şefer kimi adlı-sanlı mütəxəssisin çalışdıracağını eşidəndə çox sevindim. Düşündüm ki, yeni nəsə öyrənə bilərəm. Ancaq hər şey əksinə alındı.
- Klubu dəyişmək haqda düşünmüsən?
- Bakı`dan heç yerə getmək istəmirəm. Bu haqda heç fikirləşməmişəm. Mənim bu komandanın heyətində Avropa Liqasının qrup mərhələsində oynamaq arzum var.
