10 dekabr 2010 16:23
Ərəblər Barcelona`nı yoldan çıxardı (FOTOLAR)
100 illik tarixi boyunca forma reklamı almayaraq kluplar arasında özünəməxsus yer tutan İspaniyanın Barcelona klubu nəhayət bu vetosuna son qoyub. Azerisport.az xəbər verir ki, buna qədər formasında sadəcə UNICEF`in (Birləşmiş Millətlər Təşkilatının Uşaqlara Yardım Fondu) loqosunu, özü də qarşılıqsız gəzdirən Kataloniya klubu nəhayət başqa sponsorla anlaşmaq qərarına gəlib.
Klubun rəsmi açıqlamasında bildirilir ki, bundan sonra “Qatar Foundation” şirkətinin loqosu da Barcelona formasının üzərində əksini tapacaq. Artıq buna görə tərəflər arasında 5 illik müqavilə də imzalanıb. Bunun mbüqabilində klub hər ilinə 33 milyon avro qazanacaq. Lakin eyni zamanda UNICEF`in də loqosu əvvəlki kimi, bu komandanın formalarındakı yerini qoruyub saxlayacaq.
Maraq üçün qeyd edək ki, Barcelona`ya kimi İngiltərənin Manchester United klubu AON şirkəti ilə bağladığı müqaviləyə əsasən, hər ilinə 23.6 milyon avro gəlir əldə edirdi və bu rekord məbləğ hesab olunurdu.
