10 dekabr 2010 20:20
Adını doğrultmayan paytaxt derbilərimiz
Sabah Azərbaycan Premyer Liqasında 17-ci turun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, sabaha bir-birindən maraqlı xeyli qarşılaşma olsa da, tura paytaxt derbiləri damğasını vurmuş olacaq.
Elə bizim söhbətimizin mövzusu da məhz həmin paytaxt derbiləriylə bağlı olacaq. Təbii ki, əgər bu oyunlara paytaxt derbisi demək yerinə düşürsə. Yeri gəlmişkən qeyd edək ki, söhbət sabah 2 saat fərqlə keçiriləcək `İnter` - AZAL və `Neftçi` - `Bakı` qarşılaşmalarından gedir.
Bəli, bu dörd komandanın hamısı paytaxt Bakı`nı təmsil edir. Deyə bilərsiz ki, hamısı Bakını təmsil edirsə, niyə bunları paytaxt derbisi hesab etməməliyik? Elədir. Çünki biz qələm əhli də yeri gəldikcə paytaxt derbisi kimi xarakterizə edirik, sizlərə təqdim edirik. Ancaq bəzi məqamları nəzərdə aldıqda, bu oyunların həqiqətdə derbi reallıqlarından nə qədər uzaq olduğunu açıq-aşkar görmək olur.
Çox uzağa getməyib, qardaş Türkiyə çempionatına nəzər salmaq fikrindəyik. Müqayisə üçün iki ölkə futbolu arasındakı fərq çox böyük olsa da, hər halda yerinə düşəcəyinə əminik. Türkiyə futbolu İstanbul derbiləriylə məşhurdu. Elə Azərbaycanda da həmin derbilərə maraq kifayət qədər böyükdü. Galatasaray – Fenerbahçe, Galatasaray – Beşiktaş, Beşiktaş – Fenerbahçe derbilərinə hətta o dərəcədə böyük maraq var ki, bəlkə bizim azarkeşlər arasında Bakı klublarının bir-biriylə oyunundan çox, onların duellərinə baxmaq istəyən olur. Çox güman ki, bu, bəlkəsiz də belədi.
Həmin İstanbul derbiləri baş tutan günlərdə bəlkə bütün Türkiyədə həyat donmuş olur. Hər bir türkiyəli həmin derbiylə nəfəs alır. Ancaq bizdə heç Bakının əhalisinin 1/5-i iki paytaxt klubunun üz-üzə gəlməsindən xəbər tutmur. Azərbaycanda son illərdə əhalini daha çox maraqlandıran bir qarşılaşma var ki, o da fərqli regionların təmsilçiləridi. Paytaxtın Neftçi və Lənkəranın Xəzər Lənkəran klubunun qarşılaşmalarının “Böyük oyun” adlandırılması da təsadüfi deyil. Axı məhz bu qarşılaşma 10 mindən çox azarkeş toplamaq iqtidarındadır. O da ki, gərək hər iki komandanın iddialı olduğu dövrlərə təsadüf etsin.
`Bakı`, `Neftçi`, `İnter` və AZAL-ın öz aralarındakı qarşılaşmalar isə sadəcə barmaqla sayılacaq azarkeş tərəfindən izlənir. Nə qədər “derbi”, “paytaxt derbisi” kimi layiq olmayan adlar verilsə də, bu komandaların qarşılaşmalarında biz istədiyimizi görə bilmirik. Bəs görəsən, bu komandaların oyunlarında derbi ab-havasının yaşanmamasının səbəbi nədir?
Təbii ki, derbiləri gözəlləşdirən, derbi edən onu izləyən azarkeşlər, həmin azarkeşlərin yaratdığı xüsusi ab-havadır. Elə bizim paytaxt derbilərinin də əsas çatışmazlığı məhz həmin azarkeş kütləsinin yoxluğudu. Elə həmin azarkeşlərin yoxluğunda futbolçular da bu paytaxt qarşıdurmalarında adi oyunlardakından fərqli nəsə nümayiş etdirmirlər. Amma həmin futbolçular ən azı belə paytaxt derbilərində tam dolmuş tribunalar, onlardan qələbə tələb edən fanat ordusu görsələr, yəqin ki, çox fərqli oyun nümayiş etdirərlər.
Hazırda təkcə paytaxt duellərində yox, ümumiyyətlə Azərbaycan Premyer Liqasının oyunlarında azarkeş kasadlığı oyunların çox keyfiyyətsiz, maraqsız keçməsində əsas faktorlardan biridir. Belə acınacaqlı vəziyyətdə bizim paytaxt klublarının özlərinə azarkeş ordusu yığa bilməməsi hardasa başadüşüləndir. Ancaq həmin klubların bu yöndə lazımı və effektli addımlar atmaması çox ciddi narahatlıq doğurur.
İstənilən halda qısa zamanda bu acınacaqlı duruma son qoyulmalıdır. 50-100 azarkeşin ümidinə qalan klublarımız Azərbaycan futbolunun inkişafında pay sahibi olacaqlarını düşünürlərsə, çox yanılırlar. Bizə meydandakı futbolçuların bir-birinə qarşı işlətdikləri söyüşləri eşidə biləcəyimiz dərəcədə maraqsız, azarkeşsiz derbilər lazım deyil. Biz sizdən Galatasaray – Fenerbahçe, Roma – Lazio kimi derbilər istəyirik.
