10 dekabr 2010 20:31
Vidadi Rzayev: Biz hələ bu gedişlə çox işsiz qalacağıq
`Qəbələ`nin sabiq məşqçilərindən olan Vidadi Rzayev özü və özü kimi işsiz qalan digər mütəxəssislərimizin durumuna münasibət bildirib. Azerisport.az saytına müsahibəsində o, bunları dilə gətirib:
“Belə davam etsə, biz hələ çox işsiz qalacağıq. Biz deyəndə, mən özümüzü, azərbaycanlı məşqçiləri nəzərdə tuturam. Yunis Hüseynovu deyirəm, hansı ki, `Karvan`da nəticə qazanıb, UEFA kubokunda mərhələ adlayıb. Ramiz Məmmədovu deyirəm, hansı ki, `Qəbələ`də özünü yaxşı tərəfdən göstərirdi. Əsgər Abdullayevi deyirəm, hansı ki, öz səviyyəsini `Bakı` və `Olimpik`dəki işiylə göstərmişdi”.
Rzayev daha sonra Premyer Liqa klublarının cari mövsümkü çıxışına münasibət bildirib: “Bakı` və `Qarabağ`ın durumu məni təəcccübləndirir. Son oyununda Bakı `Simurq`a məğlub oldu. Deməli, baş məşqçi Vinfrid Şeferin hansısa problemləri var. Onlarda hər şey var, oyundan başqa. Amma `Qarabağ` üçün heç söz də tapa bilmirəm. Bu sadəcə sensasiyadı, şokdu. Hələ də inanmıram ki, onlar Turan`a uduzaraq, kubokdan kənar qalıblar. Mən Qurban Qurbanovla razıyam ki, Berti Foqtsun təlim-məşq toplanışları Ağdam klubuna mane olur. Ancaq onlarda ehtiyat oyunçular skamyası da bir qədər kiçikdi. Klub rəhbərliyi bu haqda düşünməlidi”.
