10 dekabr 2010 11:22
Abbasov 19-cu, Hüseynov 5-ci cəhddə
Azərbaycan kubokunun 1/8 final mərhələsinin MKT-Araz`la oyunu Xəzər Lənkəran`ın iki futbolçusu üçün əlamətdar olub. Azerisport.az xəbər verir ki, Amid Hüseynov və Ramazan Abbasov klubun heyətində ilk dəfə fərqləniblər.
Cənub təmsilçisinin heyətində ilk uğurunu qeyd edən yarımmüdafiəçilər Xəzər Lənkəran`ın formasında qol sevinci yaşayan 63-cü və 64-cü futbolçu olublar. İkinci mövsümdür komandanın sıralarında olan Ramazan yalnız 19-cu qarşılaşmada qol hesabını açıb. Amid isə bunu daha erkən bacarıb. XL-ın yetirməsi olan gənc futbolçu 5-ci oyununda fərqlənib.
Onlar komandada qol vuran oyunçular siyahısına cari mövsümdə daxil olanların sayını 8-ə çatdırıb. Bunadək Dieqo Ruis, Elnur Allahverdiyev, Katalin Doman, Konstantin Arbanas, Uinston Parks və Stelian Stanku da XL-dakı qol hesabını mövsümün əvvəlki 18 qarşılaşmasında açmışdılar.
Qeyd edək ki, XL-ın rəqib qapısına yol tapan 64 futbolçuyla yanaşı daha 4 rəqib avtoqol müəllifi kimi bu komandaya sevinc bəxş edib.
