12 dekabr 2010 13:09
Şvaynştayger klubuyla müqaviləsinin müddətini 2016-cı ilə qədər uzatdı
AÇ-2012-nin seçmə mərhələsi çərçivəsində millimizin rəqiblərindən olan Almaniya yığmasının üzvü Bastian Şvaynştayger `Bayern`dən ayrılmayacaq. Azerisport.az xəbər verir ki, yarımmüdafiəçi son ölkə çempionu ilə müqaviləsinin müddətini 2016-cı ilə qədər uzadıb.
Futbolçu dünən bundesliqanın `Sankt Pauli` ilə qarşılaşmadan sonra (3:0) Münhen klubu ilə yeni müqavilə bağlaması haqda xəbəri təsdiqləyib: “Mən klubla müqavilə müddətini uzatmışam və 2016-cı ilə qədər `Bayern`də qalacam”, deyə 26 yaşlı yarımmüdafiəçi bildirib. Şvaynştaygerin klubla hazırkı müqaviləsi isə 2012-ci ildə başa çatacaqdı.
Xatırladaq ki, Şvaynştayger professional futbolçu karyerasını 2002-ci ildə məhz Münhen klubunda başlayıb. Almaniya yığmasında 84 oyun keçirib. `Bayern` ilə 5 qat Almaniya çempionu və ölkə kubokunun sahibidir. Şvaynştayger klubla ÇL-in ötən mövsümünün finalına vəsiqə qazansa da, bu turnirin qalibi ola bilməmişdi.
