12 dekabr 2010 15:24
Foqts: Mənim üçün il, seçmə mərhələ başa çatanda yekunlaşacaq
Millimizin baş məşqçisi azerisport.az saytının suallarını cavablayıb. Almaniyalı mütəxəssis canlı izlədiyi paytaxt derbisi və digər məsələlərlə bağlı fikirlərini açıqlayıb.
- `Neftçi` və `Bakı`nın oyununu izlədiniz. Qarşılaşma haqda nə deyə bilərsiniz?
- `Bakı` layiqli qələbə qazandı. `Neftçi`nin isə demək olar ki, şansı olmadı. Onlar çox az çalışdılar və ona görə də 3 xal rəqibə qismət oldu.
- `Neftçi`nin heyətində xeyli gənc oyunçu var idi. Onların performansı sizi nə dərəcədə razı saldı?
- Bu futbolçulara aparıcı lider lazımdı ki, onları öz arxasınca apara bilsin.
- `Neftçi`nin futbolçuları belə - `Bakı`ya qarşı sərgilədikləri kimi oynamaqda davam etsələr, onlara olan inamınız itə bilərmi?
- Bu haqda qərarı onlar qəbul etməlidi, mən yox.
- Millinin sonuncu təlim-məşq toplanışına siz Rusiyanın aşağı divizon təmsilçisində forma geyən Babək Nəbiyevi dəvət etmisiz. Onu necə tapmısız?
- Bir rusiyalı məşqçi təklif etdi.
- Dekabrdakı təlim-məşq toplanışının əsas məqsədi barədə də məlumat verərdiniz...
- Bu hazırlıq prosesi seleksiya xarakteri daşıyır. Gənc futbolçulara şans vermək istəyirəm. Hansı ki, adətən milliyə çağırılmaq fürsəti qazana bilmirlər. Belə şans hər zaman ələ düşmür. Ancaq indi belə bir imkanımız var. İrəlidə bizi çox çətin bir il gözləyir. Buna görə də indidən baxmaq istəyirik ki, diqqətimizi çəkən olacaqmı?
- 2010-cu ili necə dəyərləndirirsiz?
- O hələ başa çatmayıb.
- Ancaq millinin bu il daha oyunları başa çatıb...
- İl onda başa çatacaq ki, biz AÇ-2012-nin seçmə mərhələsindəki bütün oyunlarımızı başa vurmuş olacağıq. Bu baxımdan il mənim üçün hələ başa çatmayıb. Biz hələ ki, cəmi 3 qarşılaşma keçirmişik. Seçmə mərhələ başa çatandan sonra sizin bu sualınızı cavablandıraram.
- Millimizin Dubay toplanışında Danimarka millisiylə oynayacağı tam dəqiqləşibmi?
- Bildiyimə görə, Danimarkayla yanaşı, biz daha bir oyun keçirəcəyik.
- Hansı yığmanı nəzərdə tutursunuz?
- Bu sizin üçün sürpriz olacaq.
- Yüksək səviyyəli komanda olacaq?
- Bizim yaxşı rəqibimiz olacaq.
