12 dekabr 2010 00:06
Millimizin sabiq müdafiəçisi əlavə olunan vaxtda 2 qol buraxdı
Millimizin keçmiş üzvləri – İlqar Qurbanovla Ernani Pereyranın çıxış etdiyi `Mersin İdman Yurdu` klubu Türkiyə Bank Asiya birinci liqasında növbəti oyununu keçirib. Azerisrport.az xəbər verir ki, həmyerlilərimizin komandası 16-cı tur çərçivəsində liderlər qrupunda qərarlaşan `Boluspor`la qarşılaşıb.
Bolunun Atatürk stadionunda oynanılan qarşılaşmada uzun müddət qol vurulmasa da, 80-ci dəqiqədə mersinlilər Veyselin sayəsində hesabı açıb. Lakin maraqlıdır ki, son həftələrdə ardıcıl qələbələr qazanan `Mersin İdman Yurdu` bu dəfə də gözəl fürsət əldə etməsinə rəğmən, uğurlarının davamını gətirə bilməyib. Ən maraqlısı isə, oyunun əlavə vaxtda – 90-cı dəqiqədən sonra əldən verilməsidir. 90-cı dəqiqədə Erdem ilə hesabı bərabərləşdirən meydan sahibləri əlavə olunmuş vaxtda yenə bu futbolçusunun sayəsində inanılmaz bir qələbəyə imza atıblar.
Son turlarda oynamayan İlqar bu dəfə də baş məşqçi Nurullah Sağlamın etimadını qazana bilməyib. Əvəzində Ernani ənənəvi olaraq 90 dəqiqə meydanda olub.
`Boluspor` bu qələbə sayəsində xallarının sayını 23-ə yüksəltdiyi halda, `Mersin İdman Yurdu` 23 xalda qalıb. Futbolçularımızın komandası növbəti oyununu gələn həftə evdə `Adanaspor`a qarşı keçirəcək.
