12 dekabr 2010 12:28
Ukrayna mətbuatı Mixayliçenkonun qarşısına hansı vəzifələr qoyulacağını da açıqladı
`Neftçi` rəhbərliyi Kiyev `Dinamo`sunun keçmiş baş məşqçisi Aleksey Mixayliçenkonun Bakı klubunun sükanı arxasına gələcəyinə dair informasiyanı təkzib etməsinə baxmayaraq, Ukrayna mətbuatı bu məsələylə bağlı növbəti mülahizələrini yazmaqla, oxucularını inandırmağa davam edir. Azerisport.az xəbər verir ki, bu dəfə sözügedən ölkənin “Fanat” portalı maraqlı məlumatlar dərc edib.
Həmin yazıda bildirilir ki, klub rəhbərliyi ilə bütün məsələlərdə razılığa gələn Mixaliçenkonun qarşısına hansı vəzifələrin qoyulduğu da bəllidi. Belə ki, bu mütəxəssisin vəzifəsi komandamızı avrokuboklara layiqincə hazırlamaq və təbii ki, Azərbaycan futbolunu qitə miqyasında ən yaxşı şəkildə təmsil etməkdi. Maliyyə məsələləri, eləcə də müqavilənin hansı müddətə nəzərdə tutulması barədə isə hələlik bir xəbər verilmir.
Yazıda o da vurğulanıb ki, Mixayliçenko yaxın günlərdə `Neftçi`nin sabiq ukraynalı baş məşqçisi Anatoli Demyanenko ilə görüşüb, ondan bütün incəliklərlə bağlı məlumat toplayacaq.
Sonda bir daha qeyd edək ki, paytaxt klubunun rəsmiləri Ukrayna mətbuatının bu xəbərlərini təkzib edirlər.
