13 dekabr 2010 13:08
Emin Mahmudov `Saturn`la ötən mövsümkü çıxışını dəyərləndirdi
Rusiyanın `Saturn` klubunun azərbaycanlı yarımmüdafiəçisi Emin Mahmudov komandasının rəsmi saytına müsahibə verib. Azerisport.az xəbər verir ki, Lənkəranda anadan olan, lakin sonradan ailəsiylə birgə qonşu ölkəyə köçən, Rusiya vətəndaşlığını daşıyan 18 yaşlı həmyerlimiz bir sıra maraqlı açıqlamalar verib:
Öncə geridə qalan mövsümü dəyərləndirən gənc futbolçu bunları dilə gətirib: “Hər şeydən önəmli olan odu ki, `Saturn` bütün çətinliklərə rəğmən, Premyer Liqadakı yerini qoruyub saxlamağı bacardı. Bununla həm də sübut etdik ki, bizim kollektivdə birlik var. Özümə gəlincə, ötən mövsümü müsbət dəyərləndirə bilərəm. Nəhayət ki, Premyer Liqada debüt etdim. Belə demək mümkünsə, hələ yenicə futbol oynamağa başlamışam və öyrənəcəyim çox şey var. İlk qolumu Mahaçqalada `Anji`yə vurdum. Və ÇSKA ilə iki möhtəşəm oyun keçirdik ki, həmin matçlardakı çıxışımdan razı qaldığımı deyə bilərəm”.
Gənc yarımmüdafiəçi 18 yaşında əsas heyətdə çıxışının onun üçün çətin olmadığını, məşqçilər korpusunun hər şeyi nəzərə aldığını da vurğulayıb. Debüt mövsümündə uğurlu olub, növbəti ildə həmin uğurlarını təkrarlaya bilməyən oyunçulardan olmaq istəmədiyini deyən Mahmudovun bu fikirləri də maraq doğurur: “Mən də belə şeylər haqda oxumuşam. Amma məncə bütün bunlar hər kəsin özündən asılıdır. Əgər öz üzərimdə belə çalışmağa davam etsəm, inanmıram ki, məndə də elə problemlər olsun. Məni `Saturn`da hər şey qane edicir və karyeramı da ancaq burda davam etdirmək istəyirəm”.
