13 dekabr 2010 13:22
Hacıyev `Qarabağ`ın 3 sindromuna 1 qolla son qoydu
`Qarabağ` Premyer Liqanın son turunda `Simurq`u məğlub edərək çempionatda ardıcıl 2-ci matçından qələbəylə ayrıldı. Azerisport.az Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir ki, zaqatalılarla oyun bir sıra cəhətlərinə görə bu komanda üçün yadda qalan olub. Çünki Aftandil Hacıyevin vurduğu qol düz 3 “tilsim”in qırılması ilə əlamətdar olub.
Bunlardan biri `Qarabağ`ın ilk dəfə səfər meydanında `Simurq`a qol vurması oldu. İndiyə kimi keçirilən 4 oyunun 3-də Ağdam klubu quru hesabla məğlub olmuş, bir oyundan isə qol səsi çıxmamışdı. Hacıyev `Simurq`a səfərdə qol vuran ilk `Qarabağ`lı kimi tarixə düşdü.
Aftandilin qolu həm də `Qarabağ`ın səfərdə `Simurq`u ilk dəfə məğlub etməsiylə nəticələndi. Ümumiyyətlə, cari mövsümə qədər `Simurq`la keçirdiyi 8 oyunda qələbə qazana bilməyən Ağdam klubu cari mövsümün ilk yarısında Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan qarşılaşmada 3:2-lik hesablı qələbəylə Zaqatala təmsilçisini ilk dəfə məğlub etməyi bacarmışdı. Bu dəfə isə nəhayət səfərdə də eyni uğur təkrarlanmış oldu.
Daha bir maraqlı fakt isə `Qarabağ`ın Əfqan Həmzəyevin idarə etdiyi oyunlardakı uğursuz seriyaya son qoyması oldu. Ağdamlılar sonuncu dəfə 06.10.2007 tarixində Həmzəyevin baş hakim olduğu oyunda qalib gəlmişdi. Qeyd olunan tarixdə Qurban Qurbanovun komandası `Qəbələ`ni səfərdə 2:1 hesabıyla məğlub etmişdi. Başqa sözlə, 3 il 2 ay və ya 1161 gün sonra Həmzəyevin idarə etdiyi oyunda `Qarabağ` qələbəyə sevindi.
