13 dekabr 2010 13:48
Aleksandr Şoliç: `İnter` bizim üçün rahat rəqibdir
`Bakı`nın yarımmüdafiəçisi Aleksandr Şoliç azerisport.az saytına müsahibəsində Premyer Liqanın son turunun `Neftçi` ilə oyununda qazanılan qələbə, həmçinin qarşıdakı `İnter`lə oyun haqda fikirlərini bölüşüb.
- `Neftçi` üzərindəki qələbə belə deməyə əsas verir ki, `Bakı` artıq əvvəlki formasını yığır?
- Biz bu qələbəni çox istəyirdik. Bunun xatirinə də va-banka getdik. Hətta heç-heçə də bizi qane etmirdi. Bizim əvvəlki kondisiyalarımızı tam bərpa etməyimiz haqda danışmaq isə hələlik tezdi. Bizə işləmək, yenə də işləmək lazımdır. Təbii ki, lider üzərində qazanılan qələbə hər bir komandaya kömək edə bilər. Biz son oyunda mümkün qədər səhvsiz oynamağa çalışdıq. Rəqibimiz də yaxşı oynadı. Elə təkcə Bahodir Nasimov nə qədər qol vəziyyəti yaratdı. Təəsssüf ki, hakim də bəzi epizodlarda heç də düzgün olmayan qərarlar verdi.
- Siz hakimin hansı qərarlarını bəyənmədiniz ki?
- O oyunu həddən artıq çox dayandırırdı. Bu qədər fit çalmaq olmaz. Komandalar yenicə tempə düşür, sürət yığır, amma hakimin bir fitiylə hər şeyə yenidən başlamaq lazım gəlir. Xırda follara həddən artıq çox diqqət ayırırdı. Buna baxmayaraq, mən hakimlik haqda çox danışmağı xoşlamıram, ona görə də elə bunlarla kifayətlənirəm.
- Oyundan sonra futbolçular arasında dava düşdü. Nə baş vermişdi?
- Əgər dəqiq bilmək istəyirsinizsə, mən həmin hadisələr baş verən anda orda deyildim. Ancaq mənə dedilər ki, hər şey Bahodir Nasimovla bizim qapıçı Xalidu Sissoko arasında baş verib. Axı bu derbidi. Derbidə belə şeylər ola bilər. Oyundan sonra hər şey tez bir zamanda unudulur.
- Qarşıda sizi `İnter`lə oyun gözləyir. Sizdə son çempionu məğlub etməyə yetərincə güc varmı?
- Hər şey öz əlimizdədir. Bundan sonra artıq hər bir oyunda qalib gəlməyə borcluyuq. `İnter` bizim üçün rahat rəqibdir. Ümumiyyətlə, güclü rəqiblərlə oynamaq bizə daha asan başa gəlir. Amma əksinə, zəif rəqiblərlər oyunlarla yaxşı köklənə bilmirik.
- Son turda `İnter` AZAL ilə heç-heçə etdi...
- Belə nəticəyə ancaq sevinmək olar. Axı hazırda aramızdakı fərq cəmi 3 xaldı. Bir qələbə və biz xallarımızın sayını bərabərləşdirəcəyik. Ona görə də bu şansı əldən qaçırmamaq lazımdır. Onlar açıq futbolu sevirlər. Ona görə mən bu komandaya qarşı oynamağı daha çox xoşlayıram. Ancaq düşünürəm ki, bizi çətin bir oyun gözləyir.
- `Bakı`nın ilk `altılığ`a düşmək şanslarını necə dəyərləndirərdiniz?
- Əlbəttə, biz `altılığ`a düşməyə borcluyuq. Bizə həm `İnter`lə, həm də digər rəqiblərimizlə oyunlarda məhz bu üzdən xal itirmək olmaz.
