13 dekabr 2010 17:52
“İnanıram ki, `Neftçi`nin prezidenti bu olayı axıra kimi araşdıracaq”
`Bakı`nın baş meneceri Zeynal Məmmədov Premyer Liqanın 17-ci turunun `Neftçi` ilə oyunundan sonra komandasının üzvü İbrahim Karqbonun üzləşdiyi xoşagəlməz olayla bağlı fikirlərini açıqlayıb. Azerisport.az saytına açıqlamasında paytaxt klubunun rəsmisi belçikalı yarımmüdafiəçinin `ağ-qaralı` klubun mühafizəçilərindən biri tərəfindən vurulmasına belə münasibət bildirib:
`Neftçi`ylə oyundan sonra rəqib hücumçu Bahodir Nasimov Karqbonu `neqer` adlandırıb. Bizim oyunçu ona nəsə cavab verməyə hazırlaşanda ona təpiklə zərbə vurublar. Həmin zərbəni vuranı da biz tanımırıq. Heç bilmirik ki, `Neftçi` ilə əlaqəsi var ya yox. Ancaq hər halda hazırda Karqbo özünü çox pis hiss edir. Həm mənəvi, həm də fiziki cəhətdən. O, indi axsayır və `İnter`lə oyunda iştirak edə bilməyəcək. O, sadəcə şokdadır. Futbolçu bura gəlir ki, oyun oynasın. Amma belə xoşagəlməz olaylar nəticəsində futbolçu başa çatmış oyundan sonra zədə alır”!
Məmmədovun sözlərinə görə, həmin olaya görə `Neftçi`nin prezidenti Sadıq Sadıqov da çox əsəbləşib: “Sadıqov da buna görə bərk qəzəblənmişdi. O, söz verdi ki, günahkarı tapacaq və cəzalandıracaq. Orda hətta klubun bütün üzvlərini də topladılar. Ancaq Karqboya zərbə vuran həmin şəxs artıq yox idi. Ancaq mən inanıram ki, `Neftçi`nin prezidenti bu xoşagəlməz olayı axıra kimi araşdıracaq”.
