13 dekabr 2010 00:16
Tevesin Mançiniylə münasibətlərinin pozulduğunu klubu da etiraf etdi
Argentinalı Karlos Tevesin şərəfini qoruduğu `Manchester City` klubu və onun baş məşqçisi Roberto Mançini ilə problemlərinin olması nəhayət ki, təsdiqini tapıb. Azerisport.az xəbər verir ki, İngiltərə mətbuatı hələ xeyli müddət öncə belə bir iddiada bulunsa da, komandanın italiyalı çalışdırıcısı və klub rəsmiləri Tevesin MC-də oynamamaq istəməməsini təkzib edirdilər.
Lakin dünən nəhayət klub rəhbərliyinin yaydığı rəsmi açıqlama əslində vəziyyətin həqiqətən dözülməz olduğunu aşkara çıxarıb. Açıqlamada bildirilir: “Bugünə qədər həm klubumuz, həm də baş məşqçi Roberto Mançini, Karlos Tevesin şəxsi problemlərinə dəstək və yardımçı oldu. Karlosun ötən günlərdə Mançinidən klubla yollarını ayırmaq üçün icazə istədiyi doğrudur. Son aylarda oyunçu meneceri vasitəsiylə müqaviləsində bəzi dəyişikliklərin edilməsini və anlaşmanın 1 il daha uzadılmasını istədiyini bildirdi. Ancaq prinsiplərimizə uyğun gəlmədiyi üçün həmin təklifləri qəbul etmədik”.
Açıqlamada Tevesin 3 il yarımlıq müqaviləsinin qaldığı və ayrılmasına icazə verilməyəcəyi bildirilərkən, ulduz futbolçunun komandaya və qarşıdakı oyunlara köklənməsinin vacibliyi də vurğulanıb.
