14 dekabr 2010 14:22
MOİK-in əvəzediciləri klubu əsas komandadan daha çox ziyana salır
Bu gün keçirilən AFFA İntizam Komitəsinin iclasında Premyer Liqada çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının son turunda baş verən qanun pozuntularına da hüquqi qiymət verilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələr nəticəsində yalnız bir oyunda qanun pozuntusu aşkarlanıb.
Premyer Liqada çıxış edən klubların əvəzedici heyətlərinin 17-ci turunun `Muğan` – MOİK matçında MOİK-in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunub. Oyunun 77-ci dəqiqəsində MOİK-in futbolçusu Ramid Nəsirov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzalanıb, klubu 1000 manat cərimə olunub.
Maraq üçün qeyd edək ki, İK MOİK-in əsas komandasının da `Muğan`la oyuna görə cəzalanması haqda qərar çıxarıb. Lakin əvəzedicilər kluba əsas heyətdən daha çox ziyan vurub. Əsas komanda cəmi 200 manat cərimə olunduğu halda, əvəzedicilərə görə 1500 manat cərimə ödəniləcək.
