14 dekabr 2010 12:06
`Rubin` yığmamızın keçmiş hücumçusunu alır
`Terek`lə müqaviləsinin müddəti başa çatandan sonra özünə yeni klub axtarmağa başlayan Şamil Lahiyalov `Rubin`ə keçə bilər. Azerisport.az xəbər verir ki, bu haqda Rusiyanın `Sport-ekspress` qəzeti məlumat yayıb.
Məlumatda bildirilir ki, Kazan klubu artıq 31 yaşlı hücumçuyla danışıqlara start verib. Klub rəhbərliyi bu futbolçunun sayəsində `Zenit`ə icarəyə veriləcək Sergey Kornilenkonun yoxluğunu unutdurmaq istəyirlər.
Qeyd edək ki, son 3 mövsümü Şahin Diniyevin də fəaliyyət göstərdiyi Qroznı klubunda keçirən və 68 oyunda 18 qol vuran Lahiyalov buna kimi `Anji`, `Dinamo` və `Saturn`da da çıxış edib. Bu hücumçu vaxtilə Azərbaycan millisinə də dəvət olunub.
