14 dekabr 2010 12:16
Hacıyev tarixi qolundan danışdı
`Qarabağ`ın `Simurq` üzərində tarixi qələbəsinin memarı olan Avtandil Hacıyev ikinci hissədə meydana çıxdığı qarşılaşmada cari mövsüm 3-cü dəfə forma geymək şansı qazandı. Azerisport.az xəbər verir ki, təcrübəli müdafiəçi məhz bununla əlaqədar klubun rəsmi saytına açıqlama verib və vurduğu qoldan danışıb:
“Təbii ki, komandamızın qələbəsi daha önəmlidir. Admir Telinin zədələnməsindən xəbərim yox idi. Müşfiq müəllim fasilənin sonuna yaxın mənə yaxınlaşdıki, tez hazırlaş. Oyuna girərkən Qurban müəllim məni təcili təlimatlarını verdi. İlk andan öz oyunumu oynamağa çalışdım. Çempionatın 2-ci turunda MOİK-lə oyundan sonra zədələnmişdim. Zədəmi sağaltdıqdan sonra forma yığmağa vaxt lazım idi. Baş məşqçimiz özü hər şeyi görürdü. Öz üzərimdə daim çalışıb vaxtımı gözləyirdim”.
2007-ci ildən `Qarabağ`da çıxış edən 29 yaşlı müdafiəçi 2007-2008 mövsümündən sonra (`Bakı`yla 1:1) ilk dəfə çempionatda qol vurdu. Maraqlıdı ki, Hacıyev cari mövsümdə qol vuran ilk müdafiəçi olmaqla yanaşı, komandada fərqlənən 5-ci futbolçu oldu (buna qədər Georgi Adamiya, Rəşad Sadiqov, Rauf Əliyev və Emin İmaməliyev fərqlənmişdi). Maraqlıdı, görəsən, Aftandil özü qol vuracağını gözləyirdimi:
“Komandamıza mütləq qələbə lazım idi. Ona görə də təbii ki, qol vurmaq lazım idi. Qol vurulan epizodda standart vəziyyətdən sonra geri qayıtmadım. Cərimə meydançasında gözlədim. Nə deyə bilərəm? Yəqin, qismətimdə qol vurmaq varmış. Komandamız üçün qələbə çox vacib idi. Əsas odu ki, qələbə qazanaraq “altılıq”da qaldıq”.
