15 dekabr 2010 02:22
Klublararası dünya çempionatında ilk finalçı müəyyənləşdi
Klublar arasında dünya çempionatında ilk finalçı müəyyənləşib. Azerisport.az xəbər verir ki, yarımfinal matçında Afrika çempionu `Mazembe`, Cənubi Amerika çempionu `Internacional`i 2:0 məğlub edərək ilk finalçı olmağı bacarıb.
Qeyd edək ki, `Mazembe` Konqo, `Internacional` isə Braziliya təmsilçisidir. Tərəflərin ilk 45 dəqiqədəki mücadiləsindən qol səsi çıxmayıb. Lakin ikinci hissəyə daha istəkli başlayan `Mazembe`, 53-cü dəqiqədə Mutola Kabanqunun qoluyla hesabı açıb. Braziliya təmsilçisi bu qolun əvəzini çıxmaq üçün çox çalışsa da, 86-cı dəqiqədə qapısında növbəti qolu görüncə (Dioko Kaluyituka), hər şeydən əlini üzüb.
Nəticədə klublar arasındakı dünya çempionatının ilk finalçısı `Mazembe` olub. Digər finalçı isə bu gün saat 22:00-da İtaliyanın `Inter` klubu il’ Asiya çempionu `Seongnam` (Cənubi Koreya) arasında keçirilən matçda bilinəcək.
