15 dekabr 2010 17:44
AZAL Georgi Nikolovun cavabını bəyanatla verdi
Premyer Liqanın son turunda AZAL və `İnter` arasında keçirilən oyundan sonra son ölkə çempionu olan “bankirlər”in prezidenti Georgi Nikolov rəqib komandanı voleybol oynamaqda ittiham etmişdi. Azerisport.az xəbər verir ki, qarşı tərəf də bolqarıstanlı prezidentin həmin ittihamlarını bu gün klubun rəsmi saytı vasitəsilə yaydıqları bəyanatla cavablayıb. Həmin bəyanatı olduğu kimi diqqətinizə çatdırırıq:
“Bu mövsüm gözəl oyunu və əldə etdiyi nəticələrlə futbol azarkeşlərinin rəğbətini qazanan AZAL-ın uğurlu çıxışı, deyəsən, bir çoxlarının xoşuna gəlmir. Premyer Liqanın 17-ci turunun `İnter` – AZAL oyunundan sonra meydan sahibi olan klubun prezidenti Georgi Nikolov da öz açıqlamalarında bir daha bunu sübut edir.
“...AZAL da bizə qarşı əla voleybol oynadı. Rəqib müdafiəçilər iki dəfə əlinin köməyi ilə, mükəmməl blokla qapıya doğru uçan topun qarşısını kəsdi...” – deyən Nikolovun voleybol biliyini alqışlamağa dəyər. Yəqin ki, bu açıqlamalardan sonra ona ölkə voleybolunda hansısa yüksək vəzifə təklif oluna bilər. Amma, görəsən, o bilirmi ki, voleybolda 1:1 hesabı qeydə alına bilməz? Üstəlik, topa başla toxunuş da qadağandır? AZAL-ın isə oyundakı yeganə qolunu məhz cinah hücumundan sonra başla vurduğunu görüşü stadiondan və ekran qarşısından izləyən azarkeşlər də, futbol mütəxəssisləri də, jurnalistlər də, elə həmin `İnter`in futbolçuları da yaxşı gördülər.
Əgər çox hörmətli Nikolov AZAL və `İnter` arasında keçirilən birinci dövrənin oyunundan sonra voleybol barədə danışsaydı, bəlkə də bunu başa düşmək olardı. Hər halda, 5:0 voleybol hesabına daha yaxındır.
`İnter` prezidentinin nəzərinə onu da çatdırmaq istəyirik ki, onun söhbət açdığı epizodlarda top iki dəfə, nə qədər qəribə səslənsə də, `İnter`li futbolçuların əlinə dəyib. Bunu matçın müxtəlif rakurslardan qeydə alınmış videoyazısı da aşkar sübuta yetirir. Təsadüfi deyil ki, oyundan sonra ölkə idman mətbuatında dərc olunan yazılarda AZAL futbolçularının qaydalardan kənara çıxması ilə bağlı bir cümləyə belə rast gəlinmir. Bizim üçün Georgi Nikolovun futbol biliyindən çox, bu işin peşəkarları olan jurnalistlərin dəqiq və qərəzsiz münasibəti maraqlıdır. Cənab Nikolova isə məsləhət görürük ki, oyun qaydaları ilə yaxından tanış olsun.
Ümumiyyətlə, Nikolovun bu açıqlamaları son həftələrdə AZAL PFK-ya qarşı səslənən haqsız ittihamların sırasına daxil olan növbəti nümunədir. Güclünün daha çox mühakimə edildiyini biz də yaxşı anlayırıq, amma bir daha qəti şəkildə bəyan edirik ki, AZAL PFK olaraq komandamıza qarşı səslənən istənilən qeyri-obyektiv və kinayəli ittihamlarla razılaşa bilmərik. Bu səbəbdən `İnter`in prezidenti Georgi Nikolovun da yuxarıda səsləndirdiyi sözlərə biganə qalmamaqla, klubumuza tərəf yönələn istənilən mənfi fikirlərə cavab verməyi özümüzə borc bilirik.
İnanırıq ki, Azərbaycanın dəyərli idman mətbuatı `İnter` – AZAL oyununu bir daha təhlil etməklə, kimin haqlı, kimin haqsız olduğunu tezliklə üzə çıxaracaq”.
