15 dekabr 2010 12:45
Elnur Allahverdiyev: Həmin oyunu heç vaxt unutmayacam
`Xəzər Lənkəran`ın və millimizin müdafiəçisi Elnur Allahverdiyevin azerisport.az saytına və “Zerkalo”ya müsahibəsi
- Özünü ilk pillədə necə hiss edirsən?
- Bildiyiniz kimi, bizim məqsədimiz çempionluq və kuboku qazanmaqdı. Prezidentdən oyunçuya kimi hər birimiz ancaq buna köklənmişik. Uzun müddət `Neftçi` liderlik edirdi. Ancaq biz öz oyunumuzu oynadıq və zamanımızı gözlədik. Ötən həftə isə liderlərin öz aralarındakı oyunundan istifadə etmək istəyirdik. Daha dəqiq desək, `Neftçi`nin `Bakı`yla, AZAL-ın `İnter`lə oyunlarından. Elə bizi də `Gəncə` ilə çətin oyun gözləyirdi. Çünki ilk dövrədə uduzmuşduq deyə, revanş almaq istəyirdik. Nəticədə 3 xal qazana bildik, rəqiblərimiz isə xal itirdi. Əlbəttə, komandada əhval-ruhiyyə yüksəkdi. İstəyirik ki, çempionatın sonunadək ilk pillədəki mövqeyimizi qoruyub saxlayaq.
- `Neftçi`də hesab edirlər ki, bu, müvəqqəti hadisədir...
- Təbii ki, hər kəs öz fikrini irəli sürməyə çalışır. Razıyam ki, qarşıda çoxlu oyunlarımız var və hamı kimi biz də lider olmaq istəyirdik. İndi də bu mövqeyimizi qorumaq istəyirik.
- Premyer Liqada qış fasiləsinə cəmi 2 tur qalıb. İlin son oyunu isə `Qarabağ`ladı. Komandanızın legionerləri isə artıq oyunun səhəri evlərinə yola düşməyə, Milad bayramına kökləniblər...
- Bizim qələbədən başqa heç bir çıxış yolumuz yoxdu. Son iki oyundan 6 xal toplamağa borcluyuq. Düşünürəm ki, biz bu çətin vəzifənin öhdəsindən gələ bilərik.
- Sizin üçün də AZAL və `Qəbələ`nin 3 və 4-cü pillələrdəki mövqeyi təəccüblü görünmür ki?
- Məncə çempionat davam etdikcə, hər şey öz yerini tapacaq. Ancaq AZAL öz mövqeyini itirməyəcək. Bunda daha çox Nazim Süleymanovun xidmətləri qeyd olunmalıdı. `Qəbələ` də gözlənilməz çıxışını davam etdirir. Onlar mövsümə çox pis başlamışdılar. Ancaq sonradan sürət yığa bildilər. Onların çıxışı mənim üçün də bir sürprizdi. Bunlarla yanaşı, `Qarabağ`ın belə çıxış edəcəyini də güman etmirdim. `Bakı` və `İnter`ə də inanırdım. Amma onlar da yanılmışam.
- Razısınız ki, çempionluğa iki əsas namizəd var – XL və `Neftçi`?
- Çempionatın inkişafı hər şeyi göstərəcək. Ancaq mən bununla tam razı deyiləm. Belə baxanda “altılıq”dakı komandalarla xal fərqimiz elə də böyük deyil. Çətin günlər hələ qabaqdadı. İndi bizə mümkün qədər çox xal yığmaq lazımdı ki, çempionatın ikinci mərhələsində də öz mövqeyimizi qorumağa kömək etsin.
- Başa çatmaqda olan ili özünüz üçün necə dəyərləndirirsiz?
- İli uğurlu hesab edə bilərəm. Hər şey mənim üçün yaxşı keçdi. Türkiyə üzərində qələbə qazandıq, baxmayaraq ki, digər iki seçmə oyundan məğlubiyyətlə ayrılmışdıq. Ancaq daha böyük uğurlar gözləyirəm.
- 2010-cu ildə sizin üçün daha çox hansı oyunlar yaddaqalan alındı?
- `Neftçi` ilə oyun. Biz son dəqiqə qolu ilə qələbə qazandıq. Həmin an hər şeyə dəyərdi. Həmçinin şübhəsiz Türkiyə üzərindəki qələbə. Heç vaxt unutmayacam.
- Bu ki sadəcə qələbədi...
- Müxtəlif cür qələbə qazanmaq olar. Ancaq həmin oyunda biz rəqibimizdən daha yaxşı idik və onlardan daha yaxşı oynadıq.
- Sizin fikrinizcə, ilin nəticələrinə görə, ən yaxşı məşqçi, futbolçu və komanda hansılardı?
- Berti Foqts, Kamran Ağayev və `Xəzər Lənkəran`.
