16 dekabr 2010 01:36
Bakıda doğulan futbolçu Azərbaycan millisinə gəlmədi
İsveçin `Malmö` klubunun şərəfini qoruyan, Berti Foqtsun Azərbaycan millisinə gətirmək istədiyi Jiloan Hamadın əsas komandamızda çıxışı baş tutmayacaq. Azerisport.az xəbər verir ki, buna, vaxtilə Bakıda anadan olmasına rəğmən, kiçik yaşlarında İsveçə gedib, məhz bu ölkənin vətəndaşlığını daşıyan Hamadın seçimini Azərbaycanın lehinə etməməsi səbəb olub.
Məsələ burasındadır ki, Hamada artıq yığmamızdan öncə İsveçin əsas milli komandasından dəvət gəlib və o da qəbul edib. Baş məşqçi Erik Hamrin gələn ilin əvvəlində Cənubi Afrika Respublikasında keçiriləcək təlim-məşq toplanışına aparılacaq heyətə məhz Hamadın da adını daxil edib. Belə olan vəziyyətdə indiyədək İsveçin gənclər yığmasında da top qovmuş oyunçusunun Foqtsun dəvətini qəbul etməsi heç də inandırıcı görünmür.
